Bank

Paşa Bankın fəaliyyəti prudensial normalara uyğundurmu? - TƏHLİL

Prudensial normativlər banklar üçün mühüm faktordur və bu normaların hər hansının pozulması müəyyən mənada siqnal effekti daşıyır.

ENA.az xəbər verir ki, ölkənin ən böyük korporativ bankı olan PAŞA Bank-ın əksər göstəriciləri norma daxilindədir, yalnız birindən başqa: Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti – maksimum 20% olmalıdır. PAŞA Bankda isə ikinci rübün sonunda bu 25% idisə, üçüncü rübün sonuna 30%-ə yaxınlaşıb.

Qazancının 52%-i kredit faizlərindən formalaşıb

PAŞA Bank 2023-cü ilin yanvar-sentyabr aylarında 147,269 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 34,2% çoxdur. Gəlirlərin 323,888 milyon manatı faizlərdən formalaşıb. Bunun 52%-i və ya 168,633 milyon manatı kreditlər üzrə faizlərdən əldə olunub. Faiz gəlirlərinin formalaşmasında ikinci ən böyük pay - 90,356 milyon manat  ticarət və qiymətli kağızlardadır. 165,913 milyon manat qeyri-faiz gəlirlərinin 61%-i isə alınan haqq və komissiyalar hesabına qazanılıb.

Bankın faiz xərcləri 273 milyon manat olub və nəticədə 205,667 milyon manat əməliyyat mənfəəti formalaşıb. Dövlət büdcəsinə 42,499 milyon manat vergi ödəyən bank ehtiyatlar yaradıb və nəticədə açıqlanan mənfəət formalaşıb.  

İstehlak kreditlərini kəskin azaltdı

Azərbaycanın PAŞA Bankı 2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərini 3,4% azaldaraq 8 milyard 234,064 milyon manata çatdırıb.

Sentyabrın 30-na bankın kredit portfeli 0,3% azalma ilə 2 milyard 720,769 milyon manat təşkil edib. Bunun 2 milyard 500,237 milyon manatı (artım 6,6%) biznes kreditləri portfeli, 86,297 milyon manat (azalma 3,1 dəfə) istehlak kreditləri, 134,235 milyon manatı (artım 20,6 milyon manat) daşınmaz əmlakla bağlı olub.

Hüquqi şəxslərin hesabları “əriyir”

Bankın öhdəlikləri 5% azalma ilə 7 milyard 461,758 milyon manata bərabərdir. Bu, əsasən əmanətlərin 5,9% əriməsi ilə baş verib və oktyabrın 1-nə 6 milyard 593,023 milyon manatdır. Kiçilmə hüquqi şəxslərin hesabları ilə bağlıdır, əhalinin əmanətləri isə ötən doqquz ayda 10% artaraq 1 milyard 725,534 milyon manat olub.

Səhmləri neçəyədir?

Bankın kapitalı 772,306 milyon manat (artım 16,5%), nizamnamə kapitalı 354,512 milyon manatdır (dəyişiklik yoxdur). 376,255 milyon manat həcmində bölüşdürülməmiş mənfəəti, 712,004 milyon manat həcmində məcmu kapitalı var.

Bankın dövriyyəyə buraxdığı 10 min 646 səhm var və səhmlərin nominal dəyəri 33,300 manat təşkil edir.

Qeyd ed'k ki, ASC PAŞA Bank 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə ölkənin ilk 3 bankından biridir. Bankın səhmdarları iki hüquqi şəxs - PAŞA Holdinq (56,82%) və Ador MMC (28,18%), həmçinin bir fiziki şəxs - Arif Paşayevdir (15%). Bank PAŞA Holdinqin bir hissəsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)