Bankda yeni vəzifə - MÜSTƏQİL KƏNAR ŞƏXS KİM OLA BİLƏR?
Bəzən bankların İdarə Heyətləri kənar auditorlarla birləşərək, səhmdarı aldadır, maliyyə qurumunun vəziyyəti ilə bağlı düzgün olmayan məlumatlar verirlər. Səhmdar özü Müşahidə Şurasında iştirak etmirsə, bu zaman Audit komitəsi ilə bağlı “sövdələşmələr” də sonda səhmdara ciddi zərbə vura bilər.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tənzimləmə aləti kimi banklarda idarəetmənin effektivliyini artırmaq və risklərə nəzarəti gücləndirmək məqsədi ilə Müşahidə Şurasında ciddi islahatlar aparır.
Komplayens Komitəsi yaradılır
İlk növbədə Müşahidə Şurasının komitələri yaradılır. Komitələrin tərkibi, funksiya və səlahiyyətləri, qərarların qəbul edilməsi qaydası onların əsasnamələri ilə müəyyən edilir. Komitələr öz fəaliyyətində İdarə Heyətindən asılı deyil və Müşahidə Şurası qarşısında hesabat verirlər. Hər bir bankda Audit Komitəsi, Riskləri İdarəetmə Komitəsi və Korporativ İdarəetmə Komitəsi yaradılır.
Bankın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə bankın sistem əhəmiyyətliliyi, risk profili, habelə fəaliyyətinin mürəkkəbliyi və xüsusiyyəti nəzərə alınmaqla bankda Komplayens Komitəsinin yaradılması da tövsiyə edilib.
“Bankda Komplayens Komitəsi yaradılmadığı halda bankın fəaliyyətinin qanunvericiliyin, maliyyə bazarlarını tənzimləyən hüquqi aktların və bankdaxili qaydaların tələblərinə uyğunluğunun təmin edilməsi funksiyası Riskləri İdarəetmə Komitəsi tərəfindən həyata keçirilir” - deyə bununla bağlı qərarda bildirilir.
Komitələr onların iclaslarında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitələrin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitələrin üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər. Səslər bərabər olduqda komitə sədrinin səsi həlledici sayılır.
Komitələrin üzvləri iсlaslarda şəxsən və ya telekommunikasiya vasitələri (video görüntü, telefon bağlantısı və ya xüsusi kommunikasiya proqramı (tətbiqi) ilə, habelə elektron poçt vasitəsilə ilə iştirak edə bilərlər. İclas protokolunda üzvün telekommunikasiya və ya elektron poçt vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı yaxud iştiraka dair digər təsdiqedici sənədlər davamlı daşıyıcılarda azı üç il müddətində bankda saxlanılmalıdır. Komitənin hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməklə məsələyə münasibəti barədə yazılı sənəd təqdim etməlidir.
Komitələrin tək sayda azı üç nəfər üzvü olmalıdır. Komitələr Müşahidə Şurasının üzvlərindən (bankın səhmdarları istisna olmaqla) və müstəqil kənar üzvlərdən formalaşdırılır və sədrləri, üzvləri Müşahidə Şurası tərəfindən təyin edilir.
Komitənin sədrləri Müşahidə Şurasının üzvləri sırasından təyin edilir. Komitələrin ən azı 1 (bir) üzvü Müşahidə Şurasının müstəqil üzvü olacaq.
Müstəqil kənar üzvün seçim meyarları
Komitələnin müstəqil kənar üzvü aşağıdakı meyarların hamısına cavab verməlidir:
- bankın Müşahidə Şurasının üzvü olmamalıdır;
- son 2 ildə bankın icra orqanının üzvü olmamalıdır;
- bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər olmalıdır.
- maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsində iştirakı olmamalıdır
- üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Mərkəzi Bankın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs olmamalıdır
- bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;
- dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər olmamalıdır
- komitənin üzvü olduğu müddətdə bankda və Azərbaycan Respublikasında fəaliyyət göstərən digər bankda və xarici bankların yerli filialında vəzifə tutmamalıdır;
- son 2 ildə bankın idarəetmə orqanının üzvləri, habelə bankın struktur bölmə rəhbərləri ilə qohumluq əlaqəsi olmamalıdır;
- bankın 2%-dən çox imtiyazlı səhmlərinə və ya həcmindən asılı olmadan adi səhmlərinə malik olmamalıdır;
- son 2 ildə bankın aktivinin 0.025%-dən yuxarı həcmə malik dəyərdə müqavilə tərəfi, o cümlədən kənar xidmət təminatçısı, habelə bankın aktivinin 0.025%-dən yuxarı həcmdə aktivə və ya öhdəliyə malik bankın müştərisi olmamalıdır.
Eyni zamanda, bu bənddə qeyd edilən meyarlara uyğun bankın hüquqi şəxs olan müqavilə tərəfinin, o cümlədən kənar xidmət təminatçısının və müştərisinin idarəetmə orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsi olmamalıdır;
-yuxarıda qeyd olunanlardan əlavə, müstəqilliyinə xələl gətirəcək hər hansı digər əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır.
Müstəqil kənar üzvün vəzifəsi nədir?
- Bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət edir, aşkar olunan uyğunsuzluqlar və onların səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırır, onların aradan qaldırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər verir;
- korporativ idarəetmə ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər verir;
- bankın korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin edir.
Maaşı bank ödəyir
Müstəqil kənar ekspert xidmətindən istifadənin xərci bank tərəfindən qarşılanır və ekspertlə bank arasında maraqlar münaqişəsinə yol verilməməlidir. Müstəqil kənar ekspertin məsləhətləri obyektiv və müstəqil olmalıdır.
Müşahidə Şurasının üzvlərinin və Müşahidə Şurasının komitələrinin müstəqil kənar üzvlərinin mükafatlandırılması barədə qərar səhmdarların ümumi yığıncağı tərəfindən qəbul olunur.
Müstəqil üzv, hər hansı sənədə “razı deyiləm” vizası qoysa da səsvermə yolu ilə sənəd qəbul olunurmu?
Təbii ki, səs çoxluğu ilə qərar qəbul olunur. Amma bir məsələ də var ki, müstəqil üzv - məsuliyyətdən yayınmaq üçün bütün sənədləri sabotaj edə bilər. Bu isə əlavə araşdırmaya əsas yaradır. Belə ki, Müşahidə Şurasının protokolları rüblük əsasda Azərbaycan Mərkəzi Bankına göndərilir. Protokolların yoxlanılması zamanı belə hallar qeydə alınarsa, AMB tədbir görmək səlahiyyətinə malikdir.