Azərbaycan İsrailin startap layihəsinə 670 min dollar investisiya qoydu
"Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC İsrailin startap layihəsinə 670 min dollar investisiya yatırıb. ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“İsrailin “OurCrowd” Fondu ilə əməkdaşlıq çərçivəsində AİŞ elektrik avtomobillərində daxili sistemləri kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kibertəhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min dollar investisiya yatırıb”, - deyə nazir “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, 2022-ci il iyulun 29-da Azərbaycan İnvestisiya Şirkəti və İsrailin “OurCrowd” şirkəti iki ölkə arasında texnologiya və biznes əlaqələrini genişləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb. Saziş AİŞ-in “OurCrowd” şirkətinin startap investisiyalarına birbaşa çıxışına və Azərbaycanda startap şirkətlərinin inkişafına dəstək və mentorluğu təmin etməyə imkan yaradacaq.
“OurCrowd” şirkəti investorlara və təşkilatlara inkişaf etməkdə olan texnologiya şirkətlərinə sərmayə qoymağa imkan yaradan onlayn qlobal vençur investisiya platformasıdır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 224 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. 2022-ci ilin sonuna AİŞ-in investisiya portfeli 240 milyon manatı ötür.