Sosial iqtisadiyyat

İşçi iş vaxtından artıq işə cəlb olunduqda əməkhaqqı necə ödənilməlidir?

“Əgər işəgötürən işçini iş vaxtından əlavə işə cəlb edirsə, bu, ilk növbədə işəgötürənin müvafiq qərarı, sərəncamı əsasında olmalıdır. Lakin bəzi hallarda görürük ki, işəgötürənin şifahi formada razılığı, yaxud aralarında olan müsbət münasibətə və qarşılıqlı razılaşmaya əsasən işçi saat 9-dan 6-ya qədər işləməli olduğu halda, saat 6-dan 10, 11-ə qədər işdə olur. Belə olduqda bəzi hallarda işçiyə həmin artıq iş vaxtına görə əməkhaqqı da ödənilmir”.

Bunu vəkil Araz Nurməmmədov deyib.

O bildirib ki, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqını almaq və ya onun verilməsini tələb etmək Əmək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulub.

“Zəruridir ki, işçi işəgötürən tərəfindən əlavə işə cəlb olunursa, işəgötürəndən onun barəsində müvafiq qərar və ya sərəncam çıxarılmasını xahiş, yaxud tələb etsin. Əgər belə bir hal varsa, işəgötürən bu barədə qərar və sərəncam verir, məsələ artıq rəsmiləşir. Rəsmiləşmə olduğu halda şəxsin işəgötürəndən həmin işə cəlb olunma ilə bağlı müvafiq əməkhaqqını tələb etmək hüququ formalaşır. İş vaxtından əlavə işə cəlb olunma müvafiq qaydada əməkhaqqının iki misli dəyərində ödənilir. Əməkhaqqının iki misli dəyərində ödənilməsi şəxsin Əmək Məcəlləsində nəzərdə tutulan hüququdur”.

Vəkil deyib ki, tərəflər arasında rəsmi razılaşmanın olmaması isə sonradan müəyyən narazılıqlara gətirib çıxarır: “Bu halda işçi məhkəməyə müraciət etməli olur. Lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni işçi belə bir tələblə məhkəməyə müraciət etdikdə ilk növbədə sübutlar təqdim etməlidir. Əgər tərəflər arasında şifahi formada qarşılıqlı razılaşma varsa, bunun məhkəməyə təqdim edilməsi mümkün olmur. Belə olan halda həmin şəxsin tələbi təmin edilə bilmir. Əgər şəxs iş vaxtından əlavə işə cəlb oluma ilə bağlı məhkəməyə müvafiq sübut təqdim edə bilmirsə, təbii ki, məhkəmə tərəflərin qarşılıqlı razılaşması, yaxud şifahi formada razılaşması əsasında qərar qəbul edə bilməz. Lakin bəzi təşkilatlar və şirkətlər var ki, orada işə daxil olma və işdən çıxma müəyyən kart, əl izi vasitəsilə olur. Bu halda şəxsin işdən əlavə işə cəlb olunması ilə bağlı müvafiq qeydiyyat aparılır. İşəgötürənə müvafiq sorğu göndərməklə şəxsin müəyyən günlərdə həmin saatlarda işdə olub-olmaması barədə informasiya əldə etmək olur”. (e-huquq.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)