Azərbaycanda iş saatlarının dəyişdirilməsi təklif olunur
Bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Azərbaycanda da iş saatlarının sektorlar üzrə fərqləndirilməsi məqsədəuyğundur.
“Biz təklif edirik ki, Azərbaycanda da fərqli iş saatları tətbiq olunsun. Bu dövlət və özəl sektorları üzrə fərqli iş saatları rejminin tətbiq edilməsinə gətirib çıxara bilər.
Misal üçün, əksər inkişaf etmiş ölkələrdə dövlət sektoru özəl sektordan tez işə başlayır. Nəzərə alsaq ki, Azərbaycanda dövlət sektoru məşğul əhalinin sayında xüsusi paya malikdir, dövlət sektorunun daha tez işə başlaması istər şəxsi, istərsə də ictimai nəqliyyatdan istifadəni saatlar üzrə bölüşdürülməsinə gətirib çıxara bilər. Eyni zamanda işə tez başlayan qrumlar işi bir saat tez başa vuracaqlar ki, bu da axşam saatlarında da tıxacın azaldılmasına imkan yaradacaq”, – deyə o, qeyd edib.