HI-TECH

Yeni Li-Fi texnologiyası yaradıldı

 Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutu (IEEE) adlı qeyri-kommersiya assosiasiyası məlumatların optik üsul (işıq vasitəsilə) ilə ötürülməsi əsasında çalışan yeni naqilsiz şəbəkə standartını qəbul edib. Söhbət, Li-Fi (Light Fidelity) adlı yeni naqilsiz şəbəkə standartından gedir. Qeyd etmək lazımdır ki, istehsalçıların əksəriyyəti artıq Li-Fi sistemini öz məhsullarına inteqrasiya etməyə çalışırlar. Belə ki, bu, məlumatların yeni ötürülməsi texnologiyasının qəbulu və yayılmasını tezləşdirəcək. Li-Fi sistemi məlumatları radio dalğalar vasitəsilə ötürmür. Bunun yerinə sözügedən sistem optik diapazonda adi işıq diodu lampasının iştirakı ilə əmələ gələn sayrışan işıqların köməkliyi ilə ikili kodlar yaradaraq məlumatları ötürə bilir. Bu şəkildə məlumatı qəbul edən qəbuledicilər isə fotonları yenidən məlumatlara konvertasiya edə bilirlər.

    Bununla belə istifadəçi sayrışan işıqları ümumiyyətlə görməyəcək. Belə ki, bu cür işıqlar 60 Hz-dən yuxarı diapazonda təmin olunurlar və onlar insan gözləri tərəfindən görünmürlər. Məlumatda qeyd edilib ki, Wi-Fi-dan fərqli olaraq Li-Fi-da məlumatların ötürülməsi sürəti 100 dəfə yüksəkdir və saniyədə 224 GB təşkil edə bilər. Radio dalğalar əvəzinə işıqdan istifadə ideyası Li-Fi tərəfdarları tərəfindən uzun müddətdir ki, irəli çəkilir. Güman olunur ki, Wi-Fi və 5G-dən fərqli olaraq bu cür yeni naqilsiz şəbəkə daha sürətli, etibarlı və təhlükəsiz qoşulmanı təmin edəcək. Bu texnologiya üzərində çalışan pureLiFiFraunhofer HHI və Philips kimi şirkətlər Li-Fi təchizatını ofis və evlərdə olan adi işıqlandırma sistemlərinə inteqrasiya etməyi bacarıblar.

 Bəzi şirkətlər isə məlumatların bu sistem üzərindən ötürülməsində adi çöl fənərlərini, avtomobil faralarını, stop siqnalları təklif edirlər. Gözləntilərə əsasən yeni naqilsiz şəbəkə standartının qəbul edilməsi öz növbəsində bu cür sistemlərin Wi-Fi əsaslı ənənəvi sistemlərlə qarşılıqlı əlaqələrini də təmin edəcək. Mütəxəssislərin sözlərinə əsasən yeni naqilsiz şəbəkə standartının qəbul edilməsi Wi-Fi, 5G və hətta naqilli şəbəkə sistemlərinin aradan qaldırılmasına səbəb olmayacaq. Naqil və radio dalğalar əsasında olan texnologiyalar hələ də optik texnologiyalar ilə müqayisədə bəzi üstünlüklərə sahibdirlər.

    Məsələn naqil və radio dalğalar əsasında olan texnologiyalar vasitəsilə məlumatlar daha uzun məsafəyə və qeyri-şəffaf obyektlərdən keçərək ötürülə bilər. Li-Fi texnologiyasının isə əsas üstünlıükləri yüksək sürət və optik spektrdə çalışmaqdır. Bunun hesabına yüksək səviyyəli etibarlılıq, məlumatların ötürülməsində aşağı gecikmə vaxtı və məlumatların dələduzlar tərəfindən daha qəliz şəkildə əldə edilməsi təmin olunur. Məsələn Wi-Fi siqnalından fərqli olaraq Li-Fi işığı divarın sərhədindən kənara keçə bilmir. Buna görə də ötürülən məlumatları xaricdən əldə etmək mümkün deyil. Mütəxəssislərin fikirlərinə əsasən yaxın zamanda Li-Fi dəstəkli daha çox cihaz istifadəyə veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)