Dövlət qulluğuna qəbul üçün imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 avqust 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat 13 iyul saat 14:00-dan 1 avqust saat 18:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.
İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:
Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;
“Namizədin yaddaş kitabçası” - kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün;
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.