Əhalinin bankdakı pullarının 38%-i xarici valyutadadır. Azalma tendensiyası davam edir
2023-cü ilin yanvar-may aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 12 milyard 400,7 milyon manat olub. Ötən beş ayda bu portfelin həcmi 5,6% artıb. Təkcə may ayında əhalinin banklardakı əmanətləri 189,1 milyon manat artıb.
Milli valyutada əmanətlərinin həcmi 7,7% artaraq 7 milyard 686,8 milyon manata çatlıb. Bu isə bütün əmanətlərin 62%-i deməkdir. Yanız may ayında milli valyutada əmanətlərin həcmi 21,4 milyon manat artıb.
Xarici valyutada bank əmanətləri isə azalmaqda davam edir. 5 ayda bu azalma 2,4% təşkil edib və nəticədə 4 milyard 713,88 milyon manata düşüb. Bu isə ümumi əmanət portfelində 38% pay deməkdir. Ancaq may ayında əhalinin xarici valyutada qoyduğu bank əmanətlərinin həcmi 167,6 milyon manat olub. Bu, 3,7% böyümə deməkdir.
Yanvar-may aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 60,4 milyon manat (artım 4,7%), qeyri-rezidentlərin – 1 milyard 340,3 milyon manat (artım 14,1%) təşkil edir.
2023-cü il mayın 31-nə banklarda əmanət və depozitlərin həcmi 35 milyard 393,08 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,4% azdır. Bu azalmada ən böyük pay isə Azərbaycan Beynəlxalq Bankına düşür.