BİZNES

Azərbaycan iqtisadiyyatının inkişafına hansı amillər təsir edir?

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycanda qlobal dəyişikliklərə və risklərə baxmayaraq, iqtisadi inkişaf imkanları var və buna bir sıra amillər təsir göstərir.

ENA.az xəbər verir ki, nazir müavini bu faktorlardan bir neçəsini çıxışında qeyd edib.

“Beynəlxalq hesabatlarda təqdim olunan təhlillərə və regionda yaranan geosiyasi və iqtisadi çağırışlara əsasən demək olar ki, dünya bazarında xammalın qiymətlərinin kəskin artmasına, nəqliyyat və logistika xərclərinin artmasına, Azərbaycanın əsas ticarət tərəfdaşları olan bəzi ölkələrdə inflyasiya, bütün bunlar Azərbaycanın özü üçün də böyük imkanlar açır”. 

Nazir müavini qeyd edib ki, mövcud geosiyasi vəziyyət Azərbaycanı Avropanın strateji, alternativ və etibarlı enerji təchizatçısına çevirib.

Həmçinin, Məmmədovun sözlərinə görə, Azərbaycan beynəlxalq əhəmiyyətli nəqliyyat, tranzit və logistika mərkəzinə çevrilib.

"Bu səbəbdən strateji investorların Azərbaycana (o cümlədən işğaldan azad edilmiş ərazilərə) marağı xeyli artıb və nəticədə milli iqtisadiyyatın daha sürətli şaxələndirilməsi üçün yeni imkanlar yaranıb", - Məmmədov vurğulayıb.

Eyni zamanda qeyd edib ki, dünya enerji bazarında yüksək qiymətlər hesabına külli miqdarda gəlirlərin əldə edilməsi ölkənin sosial-iqtisadi inkişafı sahəsində strateji prioritetlərin maliyyələşdirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası üçün əlavə imkanlar yaradır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)