Gündəm

Statusuna görə bankların və sığortaçıların tərəfində olan qurum vətəndaşın hüququnu necə qoruyacaq?

Mərkəzi Bankın müstəqilliyi artırılır. Belə ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bəs bu dəyişikliklər nədən ibarətdir? Mərkəzi Bankın səlahiyyətlərinin artırılması digər bankların fəaliyyətinə necə təsir edə bilər?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında deyib ki, bu dəyişikliyin edilməsinə ehtiyac var idi:

“Bu qanun 2019-cu ildə verilmiş sərəncama əsasən qəbul edildi. Dövlət başçısı 2019-cu ilin noyabr ayında verdiyi sərəncam ilə Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi. Həmin palatanın bank, sığorta, qiymətli kağızlar bazarına nəzarət səlahiyyətlərini Mərkəzi Banka verdi. Həmin sərəncamda tapşırıldı ki, bununla bağlı müvafiq qanunlara dəyişikliklər edilsin. Mərkəzi Banka bir ay vaxt verildi ki, bunu hazırlasın və təqdim etsin. Lakin bu edilmədi və Mərkəzi Bank üç ildir ki, qanuna dəyişikliklər qəbul olunmasa da, nəzarət edir, lisenziya verir, yaxud onu ləğv edirdi. Bu baxımdan qanunun qəbul olunmasına ehtiyac var idi. Təəssüf ki, heç kim cavab verə bilmir ki, niyə bu qanun indi qəbul olunub”.

Ə.Həsənovun sözlərinə görə, bu qanun layihəsinə edilmiş əlavələrin bir qismi yanlış və ziddiyyətlidir:

“Qanun layihəsində Mərkəzi Banka bəzi səlahiyyətlər verilir ki, heç Maliyyə Bazarlarına Nəzarət Palatasında onlar yox idi. Orada maliyyə bazarlarında istehlakçıların hüquqlarının müdafiəsi yazılıb. Yəni bankda problem olduqda istehlakçı Mərkəzi Banka getməlidir. Yaxud avtomobili sığortalayırsa, ya da sığortaçı pulu vermirsə, yenə oraya müraciət etməlidir. Bu səlahiyyətin Mərkəzi Banka verilməsi düzgün deyil. Çünki Azərbaycanda istehlakçıların hüquqlarının bütün sahələrdə müdafiəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğuldur. Mərkəzi Bank isə səlahiyyətlərinin statusuna görə həmişə bankların və sığortaçıların tərəfindədir. Çünki o, bank, sığorta, qiymətli kağızlar bazarlarının sabitliyini təmin etməlidir. Sabitliyi təmin edirsə, deməli, həmişə onların tərəfində olmalıdır. Bu halda necə istehlakçıları müdafiə edə bilər?

Digər bir səlahiyyət əmanətlərin sığortalanması sisteminə nəzarətdir. Bu sistem, əslində, tam müstəqildir. O, bankların hesabına fəaliyyət göstərir. Bu sistem müstəqil olaraq qalmalıdır. Bir maddə də əlavə edilib ki, Mərkəzi Bank banklarda, sığortaçılarda nəsə problem görürsə, onun həlli üzrə yalnız özünün əsaslandırılmış mülahizəsinə söykənib hərəkət edərək lisenziyasını ləğv edə, yaxud məhdudiyyət qoya bilər. Amma bu məsələ faktlara əsaslanmalıdır. Mübahisə düşərsə, məsələyə məhkəmə baxmalıdır”.

Maliyyə ekspertinin fikrincə, Mərkəzi Bankın səlahiyyətlərinin artırılması hətta bankların bağlanmasına gətirib çıxara bilər:

“Onsuz da, onun səlahiyyətləri çox idi. Daha da artırılması ilə Mərkəzi Bank maliyyə bazarlarına nəzarət üzrə istədiyini edə bilər. Son üç ildə cəmi bir bank bağlanıb. Ondan üç il əvvəl dörd bank bağlanmışdı. Amma Mərkəzi Banka bu qədər geniş səlahiyyətlərin verilməsi ona gətirib çıxara bilər ki, nəinki banklar, bank olmayan kredit təşkilatları, sığortaçılar da bağlana bilər. Böyük ehtimalla yaxında bu bağlanmaların şahidi olacağıq”.

Sonda maliyyə sahəsində olan çatışmazlıqlardan danışan ekspert qeyd edib ki, burada dəyişiklik edilməli məsələlər hələ çoxdur:

“Təkcə Mərkəzi Bank haqqında olan qanun yox, həmçinin banklar, bank olmayan kredit təşkilatları, əmanətlərin sığortalanması, kredit büroları, kredit ittifaqları, sığorta fəaliyyəti, qiymətli kağızlar və s. ilə bağlı qanunların da bəziləri bir-birinə ziddir. Bir sahədə çox qanun olanda ziddiyyətlər də olur. Buna görə tapşırılmışdı ki, vahid qanun olsun. Təəssüf ki, bu icra olunmur. Hazırda bank məcəlləsi yox, maliyyə məcəlləsi, ziddiyyətsiz, vahid qanunlar lazımdır. Vahid qanun olmayanda bu, dövlət məmurlarına imkan verir ki, qanundakı boşluqlar və ziddiyyətlərdən sui-istifadə etsinlər. Sistemli bir qanun olanda bunu edə bilmirlər. Adi vətəndaşlar, banklar, sahibkarlar, sığortaçılar da dəqiq bilirlər ki, fəaliyyətini tənzimləyən, hüquq və vəzifələrini təsdiq edən müddəalar hansı qanundadır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)