Azərbaycana gələn xarici investisiyalrın 77%-i neft sektoruna düşüb. Qeyri-neft sektoruna nə qədər sərmayə qoyulub?
2023-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1 milyard 501,469 milyon dollar təşkil edib. ENA.az xəbər verir ki, beləliklə, 2023-cü ilin birinci rübündə birbaşa xarici investisiyaların həcmi 17,2% azalıb.
Azərbaycan Mərkəzi Bankının açıqladığı tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 77,5%-i (2022-ci ilin yanvar-mart aylarında 59,5%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 337,5 milyon dollar (azalma 54%), xüsusi çəkisi 22,5% təşkil edib (2022-ci ilin yanvar-mart aylarında – 40,5%).
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya (464,7 milyon dollar, artım 8,6%), Türkiyə (289,4 milyon dollar, artım 9,3%), Kipr (201,5 milyon dollar, azalma 23,6%), İran (100,6 milyon, artım 17,4%) və Niderland ($97,97 milyon, artım 65,3 dəfə) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($63,9 milyon), ABŞ ($38,2 milyon), Rusiya ($51,2 milyon), BƏƏ ($54,3 milyon) və Macarıstan ($47,46 milyon) daxildir.
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2021-ci illə müqayisədə 30,9% - $6,27 milyarda qədər artıb.