Sağlamlıq

İsrail şirkəti Azərbaycanda zavod tikir

İsrail şirkəti Azərbaycanda zavod tikir, 50 adda tibbi məhsul istehsal edəcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax”ın rəhbər heyəti ilə görüş keçirilib.

Görüşdə “BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktorları Ramal Şalmiyev, Yossi Tzabari, “BioPharmax Group”un direktoru Yakov Kobi Shriki və şirkətin digər məsul şəxsləri iştirak ediblər.

Qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır:

“İsrail-Azərbaycan əlaqələri siyasi, iqtisadi, hərbi-texniki, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib”.

Səhiyyə sahəsində də İsrail-Azərbaycan arasında sıx əlaqələr qurulduğunu qeyd edən V.Qurbanov bildirib ki, tibb kadrlarının bilik və bacarıqlarının, səhiyyə idarəetmə modelinin təkmilləşdirilməsi, dərman və tibbi ləvazimatlarla təchizat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də uğurlu işlər görmək mümkündür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə keçirilən “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində də “BioPharmax” şirkətinin uğurla iştirak etdiyini vurğulayan İcraçı direktor şirkəti bu il də sərgidə aktiv şəkildə təmsil olunmağa dəvət edib:

“Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram”.

“BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır.

Yossi Tzabari istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Biofarmaks Afezco” şirkəti yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir.

“BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktoru Ramal Şalmiyev də çıxışında şirkətin əczaçılıq sənayesi sahəsində dünya liderlərindən olduğunu söyləyib:

“Şirkət biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, “BioPharamax” bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib.

“BioPharmax Afezco” isə 2022-ci ildə yaradılıb. İsrail və dünya biotexnoloji şirkətləri ilə əməkdaşlıq edir. Şirkətdə insulin, peyvəndlər və IV məhlulların istehsalı üzrə qlobal standartlara uyğun qabaqcıl istehsal zavodu qurulacaq, məhsulların Azərbaycanda və bütün MDB ölkələrində satışı planlaşdırılır. Şirkət Azərbaycanı regionda biofarmasevtika mərkəzinə çevirmək öhdəliyi götürmüşdür”.

Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)