“Azərsu”: Azərbaycanda şirin su ehtiyatlarında ciddi azalma var
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur".
Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçilib:
"Ötən dövrdə sudan qanunsuz istifadə ilə bağlı bəzi neqativ hallara rast gəlinib. Məsələn, "Azərsu" abonenti olan bəzi şəxslər sayğacdankənar su xəttindən istifadə edirlər. Bəzi şəxslər isə qurum abonenti deyil, heç bir sayğacı yoxdur, amma qanunsuz şəkildə su ehtiyatlarından istifadə edir. İcra hakimiyyətlərində bununla əlaqədar xüsusi komissiyalar yaradılıb. Abşeron rayonunda komissiyaların iştirakı ilə keçirilən görüş zamanı məlum olub ki, burada böyük həcmdə su istifadə edilib. Tərəfimizdən qanunsuz su xətti ləğv edilib. Amma səhəri gün aydın olub ki, su xətti yenidən çəkilib. Buna yol verən şəxs ərazidəki obyekt sahibləri olub. Onlar parkların və digər ərazilərin suvarılması üçün ayrılan sudan qanunsuz istifadə edir, bunun müqabilində isə heç bir ödəniş etmirlər. Onlar özlərinə məxsus xüsusi çənləri belə doldurublar. 2020-ci ildən bəri görülən tədbirlərə baxmayaraq, təssüflər olsun ki, sudan qanunsuz istifadə halları hələ də mövcuddur".