Neft ucuzlaşır- QİYMƏT
Dünya bazarlarında neft yenidən ucuzlaşmağa başlayıb.
ENA.az xəbər verir ki, bugün səhər keçirilən hərraclarda Brent stabildir, WTI ABŞ neft ehtiyatlarının kəskin azalması ilə bağlı məlumatlar ərəfəsində bahalaşdıqdan sonra bir qədər ucuzlaşır.
ABŞ hökumətinin borc limitinin artırılması məsələsində razılığın əldə olunmaması bazara təzyiq göstərməkdə davam edir. Hökumətin borclanma tavanının artırılması üçün son tarix yaxınlaşır: ABŞ Maliyyə Naziri Janet Yellen bir gün əvvəl təsdiqlədi ki, onun departamentinin vəsaitləri iyunun əvvəlində tükənəcək.
Londonun ICE Futures birjasında cümə axşamı saat 9:10-a Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 78,35 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,01 dollar (0,01%) aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçerslərinin qiyməti bu vaxta qədər 0,13 dollar (0,17%) azalaraq bir barelə görə 74,21 dollar təşkil edib.
ABŞ Enerji Departamentinin çərşənbə günü açıqladığı hesabata görə, ABŞ-ın neft ehtiyatları keçən həftə 12,456 milyon barrel azalıb. Trading Economics qeyd edir ki, bu, 2022-ci ilin noyabrından bəri ən kəskin enişdir.