İstifadəçilərin şəxsi məlumatlarını Amerikaya ötürdüyünə görə META rekord cərimə edildi
Facebook, İnstagram, Meccenger, Oculus VR platformaları "Meta Platforms Inc." şirkəti avropalı istifadəçilərin şəxsi məlumatlarını kifayət qədər qorumadığına görə 1,2 milyard avro cərimə edilib. Belə bir qərarı İrlandiyanın Məlumatların Qorunması Komissiyası verib.
ENA.az “Financial Times”ə istinadın xəbər verir ki, Komissiya Avropa və ABŞ arasında məlumatların ötürülməsi zamanı "əsas hüquq və azadlıqları ilə bağlı risklərə şirkətin diqqət yetirmədiyini bildirib". Baxmayaraq ki, Avropa Ədalət Məhkəməsi əvvəllər məlumatların ABŞ tərəfindən izlənilməsinə qarşı Meta-dan tədbirləri gücləndirməyi tələb edən qərar vermişdi.
Komissiya şirkətə avropalıların şəxsi məlumatlarının ABŞ-a ötürülməsini dayandırmaq üçün beş ay, ABŞ-a əvvəllər ötürülən məlumatların saxlanmasını və emalını dayandırmaq üçün isə altı ay vaxt verib.
Meta-nın beynəlxalq məsələlər üzrə prezidenti Nik Kleq deyib ki, Meta komissiyanın qərarından “məyusdur”, çünki o, minlərlə digər firma ilə eyni qanuni məlumat ötürmə mexanizmindən istifadə etdiyinə inanır. Qeyd edək ki, o, Devid Kemeron dövründə Böyük Britaniyanın Baş nazirinin müavini vəzifəsində çalışıb.
Cərimənin məbləğinə gəlincə onu rekord hesab edirlər. Çünki Avropa tənzimləyiciləri şirkətləri illik gəlirlərinin 4%-nə qədər cərimələyə bilər.
Əvvəlki antirekord Amazon.com Inc-ə məxsus idi. 2021-ci ilin iyul ayında istifadəçilərə reklamın göstərilməsi ilə bağlı pozuntulara görə ona qarşı 746 milyon avro cərimə qərarı verilib.
Bu məlumatlar fonunda Meta səhmləri bazar ertəsi erkən ticarətdə 1,2% dəyər itirdi.