Bank

Mərkəzi Bankın ötən il dövriyyəyə buraxdığı pul nişanları 8 milyard manatdan çox olub

2022-ci il әrzindә iqtisadiyyatın nağd pula tәlәbatı tam hәcmdә, adekvat strukturda vә vaxtında ödәnilmiş, pul nişanları üzrә zәruri ehtiyatlar yaradılıb.

Bu barədə 2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının illik hesabatında qeyd edilir.

Hesabat dövründə Mərkəzi Banka dövriyyədən 8.1 mlrd. manat pul nişanı mədaxil edilmiş, 10.5 mlrd. manat pul nişanı isə məxaric olunmuşdur. Tədavüldə nağd pul kütləsi 19.6% (2.4 mlrd. manat) artaraq dövrün sonuna 14.7 mlrd. manat təşkil edib.

Hazırda milli valyuta üzrə ehtiyatlar 15.7 mlrd. manat təşkil edir ki, bu da iqtisadiyyatın 2025-ci ilin sonunadək tələbatının bəzi nominallar istisna olmaqla ümumilikdə ödənilməsi üçün yetərlidir.

Tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupunun fəaliyyəti təmin edilmiş, il ərzində 2.9 mlrd. manat (132.7 mln. ədəd) kağız və metal pul nişanları məhv edilmişdir. Tədavülə buraxıldığı dövrdən 16.7 mlrd. manat (1.3 mlrd. ədəd) məbləğində yararsız pul nişanları məhv edilmiş və bu proseslər zamanı hər hansı kənarlaşma aşkar edilməmişdir.

Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılmış, cari il ərzində milli valyutada 452 ədəd (36 min manat) saxta pul nişanı, xarici valyutada isə 193 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılmış və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)