Keçmiş icra başçısının cinayət işi ayrıca icraata götürüldü
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə prosesi başa çatıb.
"BI" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.
Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi ayrıca icraata götürülüb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
R.Bayramovun barəsində həbs-qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra o, məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb.
Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.