Bu qurumlarla bağlı prokurorluq və DTX-yə müraciət edilib
2022-ci ildə 6 nəzarət tədbiri üzrə materiallar Hesablama Palatası Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Hesablama Palatası tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarına göndərilmiş materiallar aşağıdakılardır:
1.Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
2.İnnovasiya və Təchizat Mərkəzi” PHŞ – tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilən qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Baş Prokurorluğa;
3.Dövlət Sosial Müdafiə Fondu- Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərdə) bu halın olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
4.Gənclər və İdman Nazirliyi -2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə “Milli Karate Federasiyası” İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Baş Prokurorluğa;
5.Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” Birliyi – audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkat olunması, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş məktub əsasında DTX-ya;
6.Gəncə Regional Mədəniyyət İdarəsi- Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müraciəti ilə əlaqədar DTX-ya.
Qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaqın davam etdiyi bildirilib.
Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1.5 milyon manatın, əvvəlki illərin nəzarət tədbirləri üzrə isə 0.4 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir.