Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib
“Sosial şəbəkələrdə Azərbaycanda zəlzələnin olacağı bağlı yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Yayılan təxribat xarakterli şayiələrə inanmayın!”.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi ekspertlər tərəfindən açıqlamalar yayılır: “Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq”.
“AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir. Yayılan təxribat xarakterli şayiələrə inanmayın!” – məlumatda bildirilib.