Azərbaycanda əmanət faizlərindən vergi tutulsa! Bank sektoru əksinə qərar veriləcəyinə ümid edir
2023-cü il fevralın 1-dən, yəni gələn aydan əhalinin banklarda yerləşdirdiyi əmanətlər üzrə faizlərdən gəlir vergisinin tutulmasına qoyulan moratoriumun vaxtı bitir. Hazırda bank sektoru verginin tutulmasına qoyulan qadağa müddətinin uzadılmasını istəyir. Aldığımız məlumata görə, vergi mütəxəssisləri isə müəyyən həcmdən yuxarı olan depozitlər üzrə faizlərdən gəlir vergisinin tutulmasının tərəfdarıdırlar.
“Əmanət axışına səbəb ola bilər”
ENA.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq təklif və rəylər hökumətə təqdim edilib və bank sektoru moratoriumun davam edəcəyi ilə bağlı müsbət qərar verilməsinə böyük ümid bəsləyir.
“Bu bank sektoru üçün çox önəmli bir məsələdir. Nəzərə alaq ki, hazırda ölkədəki depozit faizləri devalvasiyadan əvvəlki kimi yüksək deyil və üstəlik, inflyasiya yüksəkdir, bu halda vətəndaşlara verilən bank faizlərindən gəlir vergisinin tutulması, əmanət axışına səbəb ola bilər”, - deyə sektor nümayəndəsi qeyd edir.
7 illik fasilədən sonra...
Oxucularımızın diqqətinə çatdıraq ki, fiziki şəxslərin depozitləri üzrə faiz gəlirləri 2016-cı il fevralın 1-dən 7 il müddətinə gəlir vergisindən azad edilib. Buna səbəb də 2015-ci ildə baş verən devalvasiyalar olub. Devalvasiya bank sektoruna ciddi zərər vurduğuna və əhalinin pullarını kütləvi olaraq banklardan çıxartması təhlükəsi belə bir qərarın qəbul edilməsinə lüzum yaratmışdı.
Hazırki sabitlik çərçivəsində isə vergilərin bərpa edilməsi və hətta müəyyən məbləğlər üzrə fərqləndirilməsi kimi təkliflər var. Məsələn 50-100 min manatdan yuxarı əmanətlərə vergi tətbiq edilə bilər.
“Böyük bankların ümumiyyətlə pulları çoxdur”
Əkrəm Həsənovun sözlərinə görə, 2016-cı ildə ölkənin maliyyə sistemində yaşanan ciddi gərginliklə əlaqədar bu qərar, eyni zamanda əmanətlərin tam həcmdə sığortalanması haqqında qərar da qüvvəyə mindi.
Hazırda isə sabitlikdir, manatla bağlı belə bir qorxu yoxdur, bank sektorunda mənfəətlilik yüksəkdir. Ona görə də əmanət faizlərinə verginin tətbiq edilməsi nəticəsində pulların banklardan kütləvi şəkildə çıxarılması kimi ciddi bir təhlükə yoxdur. Heç bu banklar üçün də təhlükə deyil. Böyük bankların ümumiyyətlə pulları çoxdur, izafi likvidlik var, belə bir tendensiya, özü də kiçik miqyasda ancaq bu orta və kiçik banklara qismən təsir göstərə bilər.
Qaldı ki, ədalət naminə...
Hüquqşünas deyir ki, hər bir şəxs qazandığı gəlirdən vergi verir, əmək haqqından belə vergilər ödəyirik. Üstəlik, pulu qazananda, həm də xərcləyəndə vergi veririk, hər hansı məhsulu alanda 18% ƏDV vergisi ödədiyimizi unutmayaq. Yəni o pulu qazananda da, xərcləyəndə də vergi tutulur. Onda əmanətdən niyə tutulmasın, özü də faiz gəlirindən 10%!
“Adamlar var ki, yüz adamın adı altında bankda pulu var. Beynəlxalq praktikada da belədir ki, daha çox pulu olandan daha çox vergi tutulur. Bu məsələdə mən vergi orqanının tərəfindəyəm”, - deyə Ə.Həsənov mövqeyini əsaslandırıb.
Faizdən vergi nədir?
Onu da qeyd edək ki, faiz gəlirlərinə bir sıra gəlirlər aid edilir. Məsələn banklar, kredit təşkilatları üçün faiz gəlirləri - müştərilərə verilən kreditlər üzrə əldə edilən faiz məbləğləri, maliyyə lizinqini həyata keçirən şəxslər üçün faiz gəlirləri - lizinq əməliyyatı üzrə əldə etdikləri ssuda faiz məbləğləri nəzərdə tutulur. Müəssisələr və ya fiziki şəxslər üçün faiz gəlirləri - fiziki şəxslərin və müəssisələrin banklarda yerləşdirdikləri əmanətlər, depozitlər üzrə bankların onlara ödədikləri faiz məbləğləridir.
Ümumiyyətlə, faiz gəlirləri fiziki şəxslər üçün Vergi Məcəlləsinin 99.3.1-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən gəlir, müəssisələr üçün Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər, banklar, kredit təşkilatları, maliyyə lizinqini həyata keçirən şəxslər üçün faizlər üzrə əldə etdikləri gəlirlər isə sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir.
Bəs faiz gəlirləri vergiyə necə cəlb olunur?
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcəsi ilə gəlir vergisinə cəlb edilir. Lakin Vergi Məcəlləsinin 123.1-ci maddəsində göstərilir ki, fiziki şəxsin faiz gəlirlərindən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur və büdcəyə ödənilir.
Yəni əgər fiziki şəxs hər hansı bankda illik 8 faiz dərəcəsi ilə 10.000 manat məbləğində əmanət yerləşdirmişsə və ilin tamamında ona 800 manat faiz ödənilirsə, 7 ildir ki, həmin 800 manat məbləğ əmanət sahibi fiziki şəxsə tam olaraq ödənilir və ödəmə mənbəyində vergi tutulmur. Əgər moratorium uzadılmasa, o zaman fiziki şəxsə 800 manat faiz ödənilən zaman bank tərəfindən 80 manat ödəmə mənbəyində vergi tutulacaqdı, fiziki şəxsin özünə isə 720 manatməbləğində faiz ödəniləcək.
Müəssisənin əldə etdiyi faiz gəlirləri isə Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən mənfəət vergisinin vergitutma obyektidir. Fiziki şəxslərin banklarda yerləşdirdikləri əmanətlər üzrə banklar tərəfindən ödənilən faizlər 2023-cü il fevralın 1-dək gəlir vergisindən azad olmasına baxmayaraq, müəssisələrin əldə etdiyi faiz gəlirləri üçün bu güzəşt nəzərdə tutulmayıb. O səbəbdən müəssisəyə faiz ödəyən bank Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutur. Müəssisə isə öz illik mənfəət vergisi hesabatında ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etməklə həmin ödəmə mənbəyində tutulmuş vergi məbləğini hesablanmış illik mənfəət vergisindən çıxır. Əgər təsdiqedici sənədləri təqdim etməzsə, o zaman müəssisənin əldə etdiyi faiz gəliri tam olaraq 20 faiz dərəcəsi ilə vergiyə cəlb edilir.
Yuxarıda qeyd edildiyi kimi, banklar, kredit təşkilatları, maliyyə lizinqini həyata keçirən şəxslər fiziki və hüquqi şəxslərə verdikləri kreditlər üzrə faiz gəlirləri əldə edirlər. Bu fəaliyyətdən əldə edilən faiz gəlirləri müəssisələr üçün sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir. Nəzərə alsaq ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi sayılır, o zaman Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azad əməliyyat hesab edildiyi üçün banklar, kredit təşkilatları, maliyyə lizinqini həyata keçirən şəxslər bu əməliyyatları ƏDV-yə cəlb etmirlər. Banka faizə görə ödəniş edən şəxs ödəniş edilən zaman faizlərdən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmur. Çünki bank özü müştəridən əldə etdiyi həmin faiz gəlirindən 20 faiz dərəcəsi ilə vergini hesablayır və büdcəyə ödəyir.
ENA.az Maliyyə qrupu