Borcla bağlı YENİLİK - Qanun layihəsi hazırlandı
Azərbaycanda borc verilməsinə dair əqd onun məzmununu dəyişməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda yazılı formaya riayət edilmiş hesab ediləcək. Bununla da hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
ENA.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunan Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların (istehlak kreditinə münasibətdə isə istehlakçıların) hüquqlarının qorunmasının təmin edilməsi, habelə məcəllənin əqdlərlə (müqavilələrlə) və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.