Mərkəzi Bankdan banklar üzrə MÜHÜM QƏRAR
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib.
ENA.az xəbər verir ki, bu barədə qərarı AMB sədri Taleh Kazımov imzalayıb.
Öncədən bildirək ki, Məcburi ehtiyatlar nədir? Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir.
Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.
Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:
1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. Məcburi ehtiyatların norması aşağıdakı kimi differensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir:
2.2.1. milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə;
2.2.2. xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə;
2.2.3. milli valyutada hüquqi şəxslərin depozitləri üzrə, o cümlədən:
2.2.3.1. milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatadək olan hissəsi üzrə;
2.2.3.2. milli valyutada hüquqi şəxslərin depozitlərinin bir milyard manatı üstələyən hissəsi üzrə;
2.2.4. xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:
2.2.4.1. xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manat ekvivalentinədək olan hissəsi üzrə;
2.2.4.2. xarici valyutada hüquqi şəxslərin depozitlərinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən hissəsi üzrə;
2.2.5. qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə;
2.2.6. qeyri-rezident maliyyə sektoru qarşısında manatda öhdəliklər və beynəlxalq maliyyə institutları ilə manatla hesablaşmalar üzrə;
2.2.7. qeyri-rezident maliyyə sektoru qarşısında xarici valyutada öhdəliklər və beynəlxalq maliyyə institutları ilə xarici valyutada hesablaşmalar üzrə.”.
2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.3. Məcburi ehtiyat norması və məcburi ehtiyat normasının ləğvi barədə qərar Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi tarixdən qüvvəyə minir və bu barədə banklara rəsmi məlumat verilir.”.
3. 2.4-cü bənd ləğv edilsin.
4. Qaydaya 2 nömrəli Əlavə yeni redaksiyada verilsin (əlavə olunub).