Əsas mandatı inflyasiyanı cilovlamaq olan Mərkəzi Bank bunun üçün hansı addımları atıb?
2022-ci ilin 11 ayında manatla pul bazası 7.3%, manatla geniş pul kütləsi (M2) isə 20% artıb. Mərkəzi Bank pul təklifinin izafi artımını məhdudlaşdırmağa çalışır.
Açıq bazar əməliyyatlarının çeşidi artırılıb
ENA.az xəbər verir ki, bu məqsədlə tənzimləyici yeni alətlərin tətbiqinə başlayıb. Bu istiqamətdə daimi alətlərlə yanaşı, açıq bazar əməliyyatlarının çeşidi artırılıb. Daimi alətlərdən sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının tətbiqinə başlanılıb. Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi istiqamətində sterilizasiya məqsədilə zəruri hallarda 1,3,6 və 9 aylıq notlarla yanaşı, 7 günlük repo hərracları keçirilir.
2 ayda 1 milyard manatdan çox pul yığılıb
Mərkəzi Bankın təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbat daha yüksək olub. Sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 457 milyon manata yaxındır. Mərkəzi Bank 2022-ci ilin oktyabr-noyabr aylarında likvidliyi “yığmaq” üçün 34 not hərracı keçirib. Ümumilikdə, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1 milyard 170 mln. manat təşkil edibş
Məcburi ehtiyat norması artırılıb
İnflyasiya təzyiqlərinin artdığı şəraitdə pul təklifini “daraltmaq” üçün məcburi ehtiyat normalarının artırılmasına qərar verilib. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə məcburi ehtiyat norması milli valyutada, həmçinin qiymətli metallarda depozitlər üzrə 4%, xarici valyutada cəlb edilmiş depozitlər üzrə isə 5% müəyyən olunub. 2022-ci ilin sentyabrından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıblar.
Əvvəlki ayla müqayisədə 3.6 dəfə çox!
Banklararası pul bazarının aktivləşdirilməsi məqsədilə manatla banklararası təminatsız kredit əməliyyatlarının “Blumberq” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.
Görülmüş işlər banklararası pul bazarında fəallığın artması ilə müşayiət olunur. “Blumberq” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlib. Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olub. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76-dır, bu da əvvəlki ayla müqayisədə 3.6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Blumberq” ticarət platforması üzrə 3 milyard 974 mln. manat, REPO üzrə 305 mln. manat olub.
Mərkəzi Bankın məlumatına görə, görülən tədbirlərin nəticəsi olaraq ilk dəfə faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə təsiri müşahidə edilib. Banklararası təminatsız pul bazarında 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksəkdir.
Valyuta bazarında tarazlığın dəstəklənməsi naminə
Ümumilikdə yeni alətlərin tətbiqi ilə sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da vacibdir. Eyni zamanda, yeni alətlərin tətbiqi və banklararası pul bazarında əməliyyatların aktivləşməsi imkan verəcəkdir ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləyəcək.