Qarabağ

Ceyhun Bayramovla Lavrovun nələri müzakirə etdiyi açıqlandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə müzakirə edilən məsələlər açıqlanıb.

ENA.az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib.

Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və s. sahələr üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, Azərbaycan və Rusiya arasında mövcud müqavilə-hüquq bazasının, intensiv siyasi dialoqun və artan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərlə yanaşı, iki ölkənin regional səviyyədə əməkdaşlıq məsələləri diqqətə çatdırılıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar müzakirələrin əsas mövzusu olub. Ceyhun Bayramov, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan tərəfindən sözügedən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycan tərəfinin 2 oktyabr tarixində Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə Azərbaycanın qərarlı olduğu bildirilib.

Nazir Sergey Lavrov, Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. Bu xüsusda, əlaqələrin daha da inkişafı üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Nazir Sergey Lavrov, bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, deyə Nazirliyin açıqlamasında deyilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)