Azərbaycan iqtisadiyyatına PAŞA Bank rəqəmlərindən baxış: VƏZİYYƏT NECƏDİR?
Azərbaycanın ən böyük, korporativləşmiş şirkətləri PAŞA Bankın müştəriləridir. Buna görə də ölkə iqtisadiyyatının vəziyyətini analiz etmək üçün bu bankın aktivlərinin tərkibinə, yürütdüyü siyasətə baxmaqla müəyyən real fikirlər söyləmək mümkündür. İnsaf üçün deyək ki, PAŞA Bank bunun üçün lazım olan rəqəmləri açıqlayır, ümumiyyətlə, ölkənin bank sektorunda yeganə bankdır ki, fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransı keçirir, medianı maraqlandıran sualları cavablandırır. ENA.az olaraq bizi maraqlandıran suallara aldığımız cavabları oxucularımıza təqdim edirik.
Beləliklə, əvvəlcə onu qeyd edək ki, Paşa Bank 2022-ci ilin 6 ayının nəticələrinə görə, bazardan daha 1% pay götürüb və hazırda 17% paya malikdir. Ona görə də PAŞA Bankın rəsmilərinə ilk sualımız Azərbaycan Mərkəzi Bankının monetar siyasəti sərtləşdirməsinin bank sektoruna təsiri ilə bağlı oldu.
Sual: Monetar siyasətin sərtləşdirilməsinin bank sektoruna hansı təsirləri var?
Cavab Bəhruz Nağıyev (İdarə Heyəti sədrinin müavini):
- İnflyasiya ilə bağlı rəqəmləri ciddi şəkildə işləyirik, monitorinqləri araşdırırıq. Hesab edirik ki, Azərbaycan Mərkəzi Bankının bu siyasəti düzgün bankçılıq mühitinin yaradılması üçün vacibdir. Normativlərin izlənilməsi, tələblərin düzgün qarşılanması, qarşılanmadıqda lazımi cəzaların tətbiq olunması dünyada normadır və beynəlxalq bankçılıq standartlarıdır. Bunun olması bizim üçün məqbuldur və ölkədə güclü maliyyə sisteminin yaranması üçündür. Vətəndaş olaraq hər hansı bir bankda ürək rahatlığı ilə öz pulumuzu yerləşdirə bilərik. Arxayın olacağıq ki, bu banklarda tam ciddi yoxlamalar aparılır, ciddi nəzarətdədir. Nəticədə sistemə etibar və etimadın artması deməkdir. Monetar siyasətdə sərtləşmə inflyasiya mühitində normaldır, doğru addımdır. Çünki bazarda izafi likvidlik idarə olunmasa, inflyasiyanın qarşısı alına bilməz. Nəticələr isə hər bir ölkə vətəndaşına təsir edir.
Murad Süleymanov (İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı)
- Əlavə etmək istərdim ki, aktivlərin tərkibinin təsnifatlandırılması, hərracların keçirilməsi, məcburi ehtiyat normalarının artırılması məntiqi addımlardır və inflyasiya yüksək olan ölkələrdə beynəlxalq təcrübələrdə atılan addımlardır.
Anar Kərimov (Komplayns və idarəetmə üzrə baş direktor)
- Vaxtilə Azərbaycanda bankların sayı hesabı yox idi. Aparılan islahatlar sayəsində həqiqətən də bankların etimadını doğrultmaq üçün mühit tam dəyişmişdir. Əgər bank sektorundakı vəsaitlərin həcminin artmasına baxsaq, bunu görə bilərik. Monetar siyasətin sərtləşdirilməsi daha da gücləndirilməsi inkişaf etmiş ölkələrin iqtisadiyyatına baxsaq, normadır. Bunlar vaxtında atılan addımlardır və müəyyən müddətdən sonra bunun əyani təsirləri daha çox hiss olunur. Bank sektorunun inkişafı üçün bu addımlar vacib idi.
Sual: Likvid vəsaitlər nəzərə çarpacaq səviyyədə artıb. Maraqlıdır, PAŞA Bank bu qədər likvid vəsaiti niyə saxlayır? Hansı risklər var ki, həmin vəsaitlər dövriyyəyə buraxılmır, kredit verilmir və ya hər hansı formada yatırımlar edilmir? Tələbli depozitlərin həcmi çoxdur, ona görə bu qədər likvid vəsait saxlayırsınlz, yoxsa bazarda kredit verməyə, sərmayə qoymağa maraqlı sektorlar yoxdur, kredit verməyə müştəri qıtlığı var?
Murad Süleymanov:
- Bizim gördüyümüz rəqəm 6 aylıqda 200 milyonluq artımı göstərir. Bu rəqəm ilin sonuna daha da artacaq. Əgər biz həmin vəsaitləri yerləşdirsəydik, bazarda faizlərin artması ilə bizim maliyyə aktivlərinin dəyəri düşəcəkdi. Bu, məntiqi bir nəticədir. ABŞ, Avropa Birliyində artan inflyasiya, faiz artımlarını diqqətlə işləyirik.
Bəs, bu vəsaitləri bu cür passiv şəkildə saxlamaqla dəyərdən salmırsınız?
Xeyir, vəsaitləri qısamüddətli gəlir gətirən sahələrdə istifadə edirik. Kredit portfeli ilə bağlı hədəfimiz bazar payını qorumaqdır və burada kredit portfelini səngidib, likvidlik üzərində qalmaq kimi bir niyyətimiz yoxdur.
Bəhruz Nağıyev:
- Öhdəliklərin, likvid vəsaitlərin artması təkcə PAŞA Banka aid olan bir məsələ deyil. Ümumi Azərbaycanda pul bazarına baxsanız, 16,7 milyard səviyyəsində izafi likvidlik qeyd olunur. Ən böyük korporativ bank olduğumuz üçün bu əlavə vəsaitlər bizim cari hesablarımızda özünü biruzə verir. Valyuta hissəsi ilə əlaqədar deyə bilərəm ki, tutaq ki, biz 100 milyon məbləğində dolları hər hansı bir qiymətli kağıza yerləşdirdik, biləbilə ki, FED faizləri qaldıracaq. Mən 3%-ə yerləşdirdiyim vəsait 3 ay sonra 3,5 olacaq və bu, itirməkdir. Amerika banklarının hamısının balanslarında nağd vəsaitlər ötən ilə nisbətən böyük həcmdə artıb. Pulları nağd park edirlər və inflyasiyadan irəli gələn faiz siyasətini izləyirlər. Artıq durğunluq hiss etdikləri zaman investisiya strategiyasını aktivləşdirirlər.
Sualınızın ikinci hissəsi ilə əlaqədar deyə bilərəm ki, ilin əvvəlində, ilk 3-4 ay, yəni büdcə açılana qədər iqtisadi fəallıq ilin ikinci yarısından daha yavaş olur. İlin əvvəli 2.9 milyardlıq kredit portfelimiz formalaşıb və bazarda tələb var və bu bizi sevindirir. Qeyri-neft sektorunda investisiya dərəcəsində artım 18,5 faiz səviyyəsindədir. Həm uzunmüddətli kreditlərə, həm də dövriyyə vəsaitlərinə ehtiyac var. Bəli, inflyasiyanın da təsiri var, çünki biz idxalçı ölkəyik, xaricdəki bahalaşma əlavə vəsaitə ehtiyac yaradır. Ən böyük korporativ bank olaraq, bu, bizim də rəqəmlərimizdən yan keçmir.
Sual: Bəhruz m, bu təkcə Paşa Bankla bağlı deyil. Ümumilikdə bank sektorunda tələbli cari vəsaitlər artır və uzunmüddətli vəsait qoymağa maraq aşağıdır.
- Qısa ömürlü vəsaitlərin artması - bəli bizim öhdəliklərimizin strukturu budur, amma bu, bütün korporativ banklarda var. Türkiyə banklarında ortalama 1 illik olsa, onlar üçün bu özü xoşbəxt bir nəticədir. Bizdə ortalama 2 ilə yaxındır, yəni daha yaxşıdır. Uzunmüddətli vəsaitlərdə çətinlik yoxdur, tələb varsa onu qarşılaya bilirik. Qiymətli kağızlar bazarı, fondların imkanlarından istifadə edirik. Əsas tələbləri qarşılayan biznes plan olmalıdır.
Sual: İqtisadiyyatda nəzəri cəhətdən uçot dərəcəsi artırsa, bu o deməkdir ki, depozitlər bahalaşır və ardıcıl olaraq nəticədə kreditlərin faiz dərəcəsi artır. Azərbaycan Mərkəzi Bankı artıq uçot dərəcəsinin effektiv bir alət kimi bazara təsir etməyə başladığını bildirir. Bu o deməkdirmi ki, depozit və kredit faizlərinə təsir edə bilir?
Bəhruz Nağıyev:
- Bu bazardakı likvidlikdən də asılıdr. Likvidliyi idarə etmək üçün 120 milyon manat səviyyəsində vəsait bazardan yığıb. Bu, daha çox pərakəndə bazara təsir edir. Ortalama faiz dəhlizinin 8% olduğunu bildiyini bildiyi halda, əmanətçi təbii ki, banka gəldikdə müddətli depozitlərə faiz kimi bu rəqəmi gözləyir.
Murad Süleymanov:
- Uçot dərəcəsinin depozit faizinə transmissiyası birmənalı deyil. Əsas məsələ bankın likvidliyidir. Likvidliyi yüksəkdirsə, bank uçot dərəcəsini transmissiya etmir. Çünki bank vəsaiti cəlb etməyə maraqlı deyil və hər bank deposit faizi siyasətində öz xüsusiyyətləri var.
Sual: Rusiya banklarının bir neçəsinin sanksiyalara düşməsi, Rusiya üzərindən aparılan köçürmələrdə xidmət haqlarının bahalaşmasına səbəb olubmu?
Bəhruz Nağıyev:
- Köçürmələrlə bağlı yalan olar desək ki, heç bir çətinliyimiz yoxdur, çünki köçürmədən köçürməyə fərq var. Qarşı tərəfdəki alıcı kimdirsə, ona görə dəyişə bilər, amma daimi bir problemimiz yoxdur və müştərimizin ehtiyaclarını qarşılayırıq, əvvəlcədən olan tərəfdaşlarımızla davam edirik. Köçürmələrin bahalaşmasına gəlincə, bizim qiymətlərimizdə heç bir dəyişiklik yoxdur. Əgər Sberbankdan söhbət gedirsə, sizdə hardan belə bir məlumat vardı ki, onların verdiyi qiymətlər daha yaxşı qiymətlər idi?! Bizim işlədiyimiz banklarda bahalaşma yoxdur.
Anar Kərimov:
- Qiymətlərlə bağlı statistika ilə bağlı əlimizdə belə bir rəqəm yoxdur, amma deyə bilərəm ki, müştərimizdən sırf tariflərin artımı ilə bağlı hər hansı müraciət almamışıq.
Sual: Azərbaycanda kredit portfelinin depozit portfelinə nisbəti 58%-dir. Dediniz ki, Qazaxıstanda bu göstərici 95%-dir. Yəni, Azərbaycanın bank sektorunda kredit verməyə böyük pullar var, amma... Depozitdən götürülən pulları kredit verə bilmirik. Niyə, iqtisadiyyatımızda risklər daha çoxdur, iqtisadi inkişafımız bir qədər ləngdir, banklar müştəri qıtlığı çəkir, yoxsa başqa səbəblər var? Bankir kimi necə düşünürsünüz.
Murad Süleymanov:
- Bu daha çox potensialı göstərir. Bazarda likvidlik var və bunun transmissiyası o qədər də güclü deyil. Yaxın ölkələrlə müqayisə etdikdə görürük ki, bu potensial var. Ölkəmizdə maliyyə dərinliyi o qədər də yüksək deyil, amma inkişafdadır. Növbəti press-konfranslarda da bunu izləyəcəyik, düşünürük ki, kredit portfeli artdıqca bu nisbətin dərəcəsinin artmasını görəcəyik. Sahibkarların kreditə tələbi var və portfelin artım dinamikasında da özünü göstərir, daha çox likvidliyin sürətlə yüksəlməsini qeyd etmək istərdim.
Sual: Kredit müraciətlərində daha çox dövriyyə vəsaitlərinə ehtiyac var, yoxsa biznesin genişləndirilməsi?
Bəhruz Nağıyev:
Hər iki sahədə müraciət var, təbii ki, ən böyük hissə dövriyyə vəsaiti təşkil edir, səbəbi var, çünki inflyasiya mühitindəsiniz, idxal edən ölkəsiniz. Xaricdə qiymətlər artdığı təqdirdə dövriyyə vəsaitinə ehtiyacın həcmi artır. Deyərdim ki, nisbət 60/40-a dır. 40% uzunmüddətli investisiyalar üçün maliyyə tələbi var.
Sual: Uzunmüddətli kreditlər neçə illikdir?
Bəhruz Nağıyev:
- Siz kredit portfelində nəzərdə tutursunuzsa, Sahibkarlığın İnkişafı Fondunun yaratdığı şərait və şərtlər nə çərçivədədirsə, o yöndə də inkişaf var. 10 illik maksimum müddətdir.
Sual: Uzunmüddətli ancaq onların vəsaitini verirsiniz?
Bəhruz Nağıyev:
- Öz vəsaitlərimiz də var, amma desəm ki, 10 illik çərçivədə bunu edə bilirik, yalan olar, çünki öhdəlik çərçivəmiz buna imkan vermir. Öz vəsaitlərimizlə 3-4 illik dövrü əhatə edə bilirik.