Qarabağ

Zabuxçay su anbarını Türkiyə şirkəti tikəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tarixi bir layihəyə imza atılıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən ENA.az-a bildirilib ki, 18 noyabr 2022-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.

İmzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin  digər nümayəndələri iştirak ediblər.

Cəmiyyətin sədri Zaur Mikayılov bildirib ki, Cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün tapşırıqları yüksək keyfiyyətlə və vaxtında icra etməliyik. O, əlavə olaraq qeyd etdi ki, bu layihə tarixi əhəmiyyət daşıyır. Layihənin icarsından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12100 ha əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq.

Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim bildirdi ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə əməkdaşlıq təcrübəsinə sahibik və layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verəcəyik.

Xatırladaq ki, Laçın rayonu ərazisində tikiləcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Qeyd edək ki, həcmi 26,7 mln kub metr olan Zabuxçay su anbarından  2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)