İstilik sayğacları quraşdırılacaq - Pilot layihəyə başlanır
"Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır.
ENA.az-ın məlumatına görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı jurnalistlərə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Qurum rəsmisi bildirib ki, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır.
"Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işlərin başlanıb", - deyə o qeyd edib.