Paşinyan İran-Azərbaycan münaqişəsinin olacağına inanmır
İranla Azərbaycan arasında münaqişə ehtimalından danışarkən bunu şişirtmək olmaz.
ENA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bəyanatını şərh etmək xahişinə cavab olaraq bildirib.
Baş nazir əlavə edib ki, İranla Azərbaycan arasında dərin iqtisadi və mədəni əlaqələr var, onlar dost ölkələrdir və suallar yaranırsa, bu, bir çox başqa ölkələrlə də baş verir.
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində İranın rolunu nədə gördüyünü soruşduqda, Paşinyan qeyd edib ki, bu ölkə mühüm regional və beynəlxalq oyunçudur, ona görə də Ermənistan iranlı tərəfdaşlarla sıx əlaqədədir.
O xatırladıb ki, iqtisadi sahədə də əməkdaşlıq inkişaf edir. İrandan daha çox qaz almağa imkan verən yeni yüksək tutumlu İran-Ermənistan elektrik ötürücü xətti tikilir, ondan elektrik enerjisi Ermənistanın istilik stansiyalarında istehsal edilərək İrana göndərilir, onun müəyyən hissəsi isə Ermənistanda qalır.
Paşinyan bildirib ki, bu sxemdən daha geniş istifadə etmək üçün daha çox elektrik xətlərinin olması lazımdır. Onun sözlərinə görə, belə bir sxem Ermənistan-Rusiya əməkdaşlığına zidd deyil. Onu da əlavə edək ki, Ermənistana verilən İran qazı istehlakçıların əsas hissəsinə daxil olmur və yalnız İrəvan İES-in, qismən də “Hrazdan-5” İES-in istismarı üçün istifadə olunur.
Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Ned Prays dünənki brifinqdə Amerikanın İrandan təhdid olacağı təqdirdə Azərbaycanı qoruya biləcəkmi sualına cavab verərkən bildirib ki, Vaşinqton İranın regionda sabitliyi pozan təsirinə qarşı tərəfdaşlarının yanında olacaq”.