Gündəm

Eldar Əzizov Azərbaycandakı bahalaşmadan DANIŞDI

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Xətai rayonu  Əhmədli qəsəbəsinin sakinləri ilə görüşü olub.

ENA.az xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Bakı şəhərinin və Xətai rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saatdan çox ayaq üstə zala toplaşan 300 nəfərdən çox Əhmədli sakininin müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dünyada baş verən mürəkkəb prosseslər, həmçinin Avropadakı müharibə səbəbindən dünya iqtisadiyyatı böyük sarsıntılar yaşayır. Belə ki, qlobal səviyyədə əsas qida məhsullarının qiymətlərində artım baş verir. Azərbaycan da dünya iqtisadiyyatına inteqrasiya edib, lakin Prezident İlham Əliyevin sosial yönümlü siyasəti nəticəsində neqativ prosseslər ölkəmizdə o qədər də hiss edilmir.

Xüsusi olaraq vurğulanıb ki, qədim dövrlərdən bəri əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda isə bu 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belorusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir. Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışdı. Bildirdi ki, mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır. 

Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və  eyni zamanda Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil. Statistik məlumatlardan da göründüyü kimi ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır və bu da ölkə başçısı cənab İlham Əliyevin sosial yönümlü siyasətinin nəticəsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)