Bank

“İqtisadiyyat Nazirliyinin bankı” necə işləyir? – TƏHLİL  

Səhmlərinin 75%-i İqtisadiyyat Nazirliyi Yanında Dövlət Əmlak Məsələləri Xidmətinə aid olan “Azər-Türk Bank” ASC 2022-ci ildə aktiv dinamika ilə seçilir. ENA.az rəsmi göstəricilərin təhlilinə əsasən xəbər verir ki, Bank xüsusən də xarici valyuta əməliyyatlarında aktiv oyunçuya çevrilib və bu ilin yanvar-sentyabr aylarında 8 milyon manatdan çox xalis gəlir əldə edib.

 

Bankdan başqa banklara pul axını...

Maliyyə vəziyyətinə görə, 2022-ci ilin 9 ayı ərzində aktivlərini 2,1 dəfə artıraraq – 844 milyon 194 min manata çatdırıb. Bunun 35,9%-ni kredit portfeli tutur və ötən yanvar-sentyabr aylarında bu bankdan götürülən borcun məbləği 29,8% artaraq 303 milyon 86 min manat təşkil edib. Kreditlərin strukturunda istehlak kreditləri portfeli üzrə portfel kəskin çıçrayış gösətirb və 63,3% artımla 126 milyon 816 min manat olub. Biznes kreditləri üzrə portfel 3,3% yüksələrək, 47 milyon 435 min manat, daşınmaz əmlak üzrə kreditlər 17,1% artımla 128 milyon 834 min manat səviyyəsində qiymətləndirilir. Aktivlərin 99 milyon 185 min manatı isə digər banklarda yerləşdirilən depozitlərdir. Qeyd edək ki, ilin sonuna bu rəqəm cəmi 3 milyon manat idi, belə çıxır ki, 9 ayda “Azər-Türk Bank” əlindəki 93 milyonu başqa banklara yerləşdirib.

 

Depozit portfeli aşıb-daşır 

Ötən dövr ərzində Bankın götürdüyü maliyyə öhdəlikləri də artıb. 2,2 dəfə yüksəlişlə hazırda bu rəqəm cəmi 783 milyon 68 min manata bərabərdir. Əsas artım depozit portfeli ilə əlaqədardır, depozit kimi bankda olan pulların həcmi 1,6 dəfə artaraq 323 milyon 691 min manat olub. Xüsusən də fiziki şəxslərin əmanətləri 1,7 dəfə böyüyərək 155 milyon 757 min manata çatıb. Təbii ki, bu artımda fiziki şəxslərin tələbli depozitləri üstünlük təşkil edir. Mərkəzi Bank və digər dövlət fondları qarşısında öhdəliyi 22 milyon manat artaraq 129 milyon 835 min manat olub.

Ölkənin ikinci dövlət bankının kapitalı 61 milyon 126 milyon manat təşkil edir və bu ötən müddətdə 7,3% artım deməkdir. Bölüşdürülməmiş mənfəət 7 milyon 679 min manat, nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib), məcmu kapitalı  55 milyon 761 min manata bərabərdir.

Qeyri-faiz gəlirləri "göz çıxardır"

2022-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 4,2 dəfə artaraq 3 milyon 79 min manat təşkil edib. Faiz gəlirləri 23 milyon 443 min manat, qeyri-faiz gəlirləri 21 milyon 58 min manat (30.09.2021-ci ildə 8 milyon 857 min manat olub-red), faiz xərci 7 milyon 296 min manat, qeyri-faiz xərci 29 milyon 629 min manat (ötən ilin eyni dövründə 19 milyon manat-red) olub. Ehtiyata ayırmalar 3 milyon 797 min manat, dövlət büdcəsinə ödənilən vergi isə 700 min manat təşkil edib.

“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)