Bank

Mərkəzi Bank: "Maliyyə və sığorta sektoru üzrə daxilolmalar 40,3% azalıb"

2022-ci ilin III rübündə maliyyə axınları ilə bağlı məlumatlar iqtisadi aktivliyinin artımına işarə edir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının təhlilinə əsasən, AMB maliyyə axınlarının ÜDM ilə yüksək asılılığını qeyd edir.

Belə ki, 2022-ci ilin üçüncü rübündə ümumi ödəniş daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% və ya 1,8 milyard manat artaraq 18.7 milyard manat təşkil edib.

Təhlilə əsasən, 2022-ci ilin üçüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (20,8%), ticarət, nəqliyyat vasitələrinin təmiri (16.2%) və tikinti (16%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (+843,1 milyon manat), ticarət, nəqliyyat vasitələrinin təmiri (+834,2 milyon manat) və nəqliyyat və anbar təsərrüfatı (+ 514,3 milyon manat) sahələri olub.

AMB sahələrarası maliyyə axınlarının dinamikasına toxunaraq qeyd edir ki, 2022-ci ilin üçüncü rübündə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsi üzrə ödəniş daxilolmaları 48% - 191.6 milyon manatadək, hasilat sahəsi üzrə - 2.08 milyard manat (artım 23,6%), emal sahəsi üzrə - 1,78 milyard manat (artım 23,9%), tikinti sahəsi üzrə - təxminən 3 milyard manatadək (+39,1%) (azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri ilə əlaqədar sosial layihələr və investisiyalar maliyyə axınlarının artımına töhfə verən əsas amildir), informasiya və rabitə sahəsi üzrə - 489,5 milyon manat (+8,3%) artıb.

Eyni zamanda, bu dövrdə maliyyə və sığorta sektoru üzrə daxilolmalar 40,3% - 783,1 milyon manatadək azalıb.

AMB qeyd edir ki, üçüncü rübdə bütün ödəniş daxilolmalarının 25,7%-i və ya 4,8 milyard manat ticarət, 74,3%-i və ya 13,9 milyard manat qeyri-ticarət sektorların payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)