Tənzimləyici: Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsi orta sərhədindədir
Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir. Bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi üzrə 2022-ci ilin I yarımili üzrə hesabatında qeyd olunur.
Təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan Herfindahl-Hirschman İndeksinə əsasən, 2022-ci ilin yanvar-iyun aylarında kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1015 (aşağı təmərküzləşmə, 2021-ci ilin yekunları üzrə - 1017), 1805 (orta təmərküzləşmə, 2021-ci ilin yekunları üzrə - 1741) və 1576 (orta təmərküzləşmə, 2021-ci ilin yekunları üzrə - 1567) təşkil edir.
“Azərbaycanda bank sistemi aşağı və orta səviyyəli təmərküzləşməni göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır”, - AMB qeyd edir.
Qeyd edək ki, bu ilin 6 ayının nəticələrinə görə Azərbaycanın bank sektorunda əsas göstərici – aktivlərin həcmi 41 milyard 920,2 milyon manata çatıb. Aktivlərin 27 milyard 111 milyon manatı 3 bankın – ABB, Kapital Bank və PAŞA Bankın payına düşür. Faizlə ifadə etsək bu o deməkdir ki, cəmi aktivlərin 66 %-i 3 bankın əlində cəmləşib. Qalan 23 bankın aktivləri isə cəmi 14 milyard 808 milyon manatdır, yəni 34% təşkil edir. Bu göstərici ilə təmərküzləşməni orta hesab etmək olarmı - bu açıq sualdır.