Nağdsız ödənişlərdə rekord artım - 8 aya 11 mlrd. manat!
Azərbaycanda nağdsız ödənişlər yeni rekord yeniləyir.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin ilk səkkiz ayında ölkə ərazisində elektron ticarətdə nağdsız ödənişlərin həcmi 10 milyard 620.7 milyon manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövründən 3 dəfəyə yaxın çoxdur, hətta həmin il tam olaraq heç 8 milyardlıq əməliyyat aparılmamışdı.
E-ticarət ilə ödənişlərin həcmi təkcə avqust ayında 1 milyard 708 milyon manat olmaqla öncəki ayı 9%-dən çox üstələmiş olub.
e-ticarətin həcmi, mln. manat | ||
Ay | 2021-ci il | 2022-ci il |
01 | 360 | 920 |
02 | 370 | 1,016 |
03 | 450 | 1,242 |
04 | 421 | 1,270 |
05 | 440 | 1,373 |
06 | 496 | 1,526 |
07 | 539 | 1,566 |
08 | 565 | 1,708 |
Azərbaycanda son iki ildə nağdsız ödənişlər artımı daha sürətlənib. Buna səbəb hökumətin tətbiq etdiyi bəzi stimullaşdırıcı tədbirlər (ƏDV geri al və s.) və bankların sərfəli (cash-back imkanı) plastik kartlar emissiyasıdır.
“ƏDV geri al” ilə əlavə dəyər vergisinin nağd ödənişlə 10%-ni, nağdsız ödənişlə isə 15%-ni “cash-back” kimi müştəriyə qaytarır. Hökumətin digər tətbiq etdiyi qayda isə nağdsız ödənişdən imtinaya görə tətbiq edilən cərimədir. 1 yanvar 2020-ci il tarixindən başlayaraq təsərrüfat subyektlərində POS-terminalların quraşdırılmaması və ya nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyalarının tətbiqinə start verilməsi mövcud sahə üzrə administrativ nəzarətin güclənməsinə səbəb olur.
Ölkə banklarının debet kartları – hansı ki, bəzi hallarda pulsuz belə təklif edilir – plastik kartla ödədiyi halda onlara 1-5% üzərində “cash-back” imkanı təklif edir. Mərkəzi Bankın son açıqlamalarında da ölkədə nağdsız ödənişlərin həcminin daha da artırlması öndə məqsəd qoyulur.
2020-ci ilin ilk səkkiz ayında ölkədə nağdsız qaydada ödənilmiş e-ticarətin həcmi 2.43 mlrd., 2021-ci ilin eyni dövründə 3.64 mlrd. və 2022-ci ildə isə 10.62 mlrd. olub.
Hesabat dövründə POS-terminallarla ödənişlərin həcmi 3 milyard 485 milyon manat olub, bu da 2021-ci ilin müvafiq dövründən 43 yüksək rəqəmdir.