Elm və Texnologiya

Bu layihə 2021-ci ilin mart ayında yekunlaşdırılacaq

Bakıda Böyükşor gölündə 3 ədəd fotovoltaik paneldən ibarət sistemin quraşdırılması layihəsi 2021-ci ilin yazında başa çatacaq. Bu barədə  Energetika Nazirliyindən məlumat verilib.

“2018-ci ilin noyabr ayında Asiya İnkişaf Bankının nümayəndələri Bakıya səfər edərək layihənin reallaşdırılacağı ərazi ilə tanış olublar. Müvafiq strukturlarla layihənin rəhbərlik komitəsi yaradılıb. Layihənin 2021-ci ilin mart ayında yekunlaşdırılması planlaşdırılır”, - nazilrikdən qeyd ediblər.

Vurğulanıb ki, artıq yerli və xarici konsaltinq şirkətlər seçilib. “Xüsusilə, AİB iki xarici şirkəti - NIXUS və S.L.U-nu məsləhətçi qismində seçib. Bundan əlavə, yerli "Azerbaijan Energy Engineering & Consulting" şirkəti də məsləhət xidmətləri göstərəcək”, - nazirlikdən bildirilib.

Xəbər verildiyi kimi, Energetika Nazirliyi Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihənin həyata keçirilməsini planlaşdırır. Söhbət Böyükşor gölündə hər biri 100 kVt gücə malik olacaq 3 ədəd fotovoltaik paneldən ibarət sistemin quraşdırılmasından gedir.

Layihə çərçivəsində həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department