İran parlamenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti MÜZAKİRƏ EDƏCƏK
İran parlamenti Ermənistan və Azərbaycan sərhədində son gərginliyi müzakirə etməyi planlaşdırır.
ENA.az xəbər verir ki, bu barədə İran İslam Respublikası parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə bildirib.
O, məsələyə parlamentin çərşənbə günü keçiriləcək növbədənkənar iclasında baxılacağını qeyd edib: “Bununla bağlı qarşıda çox mühüm müzakirələr var”.
Vahid Cəlalzadənin sözlərinə görə, İran tərəfi iki qonşu ölkənin sərhədində baş verən son hadisələrdən ciddi narahatdır.
Cəlalzadə əlavə edib ki, problem İranın yüksək rütbəli rəsmiləri ilə müzakirə olunub. Bununla bağlı parlamentarilər ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə bütün ciddiliklə yanaşmalarını xahiş edirlər.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin sərhədboyu ərazilərdəki mövqeləri Ermənistan ordusunun təxribatlarına məruz qalıb.
Bu hadisələr nəticəsində Ordumuz 80 şəhid verib, 281 hərbçimiz yaralanıb.
Ermənistan tərəfi rəsmi şəkildə bəyan edib ki, sərhəd döyüşlərində 135 nəfər hərbçiləri ölüb, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.