Azərbaycanda kredit bahalaşıb: orta faiz dərəcəsi artdı
Azərbaycanda kreditlər bahalaşıb. Azərbaycan Mərkəzi Bankının yanvar-iyul üzrə açıqladığı göstəticilərə baxsaq, görərik ki, manatla verilən kerditlərin orta faiz dərəcəsi 12.12% təşkil edib. Halbuki, 2021-ci ildə bu 11.63% idi.
Təhlillər göstərir ki, kredit qoyuluşlarının həcmi cəmi 18 milyard 487,441 manatdır. Milli valyutada 14 milyard 209,023 milyon manat kredit verilib. Milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi -14.34% (2021-ci ildə orta faiz dərəcəsi - 14.04%) olub. Sərbəst dönərli valyutada, əsasən dollarla götürülən kreditlər üzrə orta faiz dərəcəsi 4.76%-dir, kreditlərin həcmi isə 4 milyard 278,419 milyondur.
Bu ilin avqusta ayının 1-nə olan məlumata görə, kreditlərin 2 milyard 546,157 milyon manatı qısamüddətli kreditlərdir və orta faiz dərəcəsi 13.47%-dir. Bu vəsaitin 1 milyard 122,955 milyon manatı , dollarla olan kerditlərdir. Yəni qısa dövr üçün manatın məzənnəsinin dəyişməyəcəyi barədə müvafiq dövlət qurumlarının vədləri əsasında qısamüddətli kreditlərin 50%-i dollarladır. Dollarla verilən kreditlərin orta faiz dərəcəsi isə 4.72%-dir.
Uzunmüddətli kreditlər həcmi manatla 11 milyard 662,865 milyon manat, orta faiz dərəcəsi isə 14.47%, dollarla 3 milyard 155,464 milyon, orta faiz dərəcəsi isə 4.77%-dir.
Qeyd edək ki, artıq bir neçə ildir ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirir və sabit saxlayır. Lakin görünür ki, bu alət bazarda kredit faizlərinə təsir göstərmək iqtidarında deyil. Buna görə də hazırda bank bazarı banklararası pul bazarını inkişaf etdirməyə çalışır ki, uçot dərəcəsi kimi vacib bir alət işləməyə başlasın.