Bank

Passiv pullar dövriyyəyə cəlb edilməlidir. Azərbaycanda isə heç kim oyun qaydalarını dəyişmək istəmir

Azərbaycanda geniş mənada pul kütləsi 38 milyard 257.4 milyon manatdır. Bunun 12 milyard 146.5 milyon manatı və ya 31,5%-i banklardan kənardadır.

Banklarda olan depozit portfelinin həcmi isə ümumilikdə 29 milyard 600,5 milyon manatdır. Bunun 10 milyard 302.2 milyon manatı tələb edilən, manatla depozitlərdir. Yalnız 3 milyard 817.2 milyon manat müddətli əmanət kimi banka yerləşdirilib. Qalan hissəsi isə xarici valyutada olan əmanətlərdir.

Məlumdur ki, Azərbaycanda pulla davranış qaydaları və maliyyə sisteminə güvən zəifdir və maliyyə alətləri zəif inkişaf edib. Azərbaycandakı kölgə iqtisadiyyatı və banklardakı vəsaitin tez dövriyyədən çıxarılması tendensiyası hələ də yastıqaltı pulların formalaşmasında rol oynayır. Bundan başqa ölkədə kölgə iqtisadiyyatı, pulun idaredilməsi səriştəsi zəifdir, həmçinin pulla davranışda konservativlik qalıb.  

Ekspert Rəşad Həsənli hesab edir ki, Azərbaycan vətəndaşları qısa müddətdə çox kataklizmlərlə üzləşdi və pis təcrübə özü də təcrübədir. Amma əhali düşünməlidir ki, əlavə vəsaitini bankda saxlamaqla ən azı inflyasiyanın yaratdığı dəyərsizləşmədən qoruya bilərlər. Eyni zamanda, əhəmiyyətli pul kütləsi aktiv biznes proseslərindən kənardadır. Əgər biz Almaniyanın təcrübəsinə baxsaq, öz inkişafını passiv pul yığımlarını dövriyyəyə cəlb etməklə başladı. “Azərbaycanda isə heç kim oyun qaydalarını dəyişmək istəmir”, - deyən ekspert xüsusilə kölgə iqtisadiyyatının dövriyyədən kənarda böyük həcmdə nağd vəsaitin formalaşmasına səbəb olduğunu vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)