Bank

Əhalinin banklara nə qədər borcu var və banklarda nə qədər pulu var: 7 aylıq göstəricilər

31 iyul 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 41 milyard 589,7 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankının aylıq məlumatlarına görə, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat idi, demək yanvar-iyul aylarında bankların aktivləri 8,1% artıb. Təkcə iyulda bankların aktivləri 0,8% və ya 330,5 milyon manat artıb. 

 

Bankların verdiyi borc: kredit portfelinin həcmi

İyulun sonuna bankların kredit portfeli 18 milyard 487,4 milyon manat olub. Bu isə o deməkdir ki, ötən 7 ayda kreditləşmənin həcmi 11% yüksəlib. İyulda bankların kredit portfeli 0,9% və ya 167,4 milyon manat artıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin həcmi 662,3 milyon manat (hesabat dövründə azalma 8%) və ya bütün kreditlərin 3,5%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.

İyulun 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 782.8 milyon manat (artım 13,5%) və ya bütün kreditlərin 19,9%-i, özəl banklar tərəfindən 14 milyard 704,7 milyon manat (artım 10,3%) və ya bütün kreditlərin 77,5%-i həcmində kredit verilib. Qalan 498,2 milyon manat (artım 8,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.

İyunun sonuna verilmiş kreditlərin ümumi həcmindən 14 milyard 645,7 milyon manat (artım 15.3%) milli valyuta, 4 milyard 339,9 milyon manat (azalma 1.9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 22,9% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.

Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 115,7 milyon manat (bütün kreditlərin 16,4%-i) ticarət və xidmət sahələrinin, 641 milyon manat (3,4%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 596,9 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 203,1 milyon manat (6,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 48,2 milyon manat (5,5%) sənaye və istehsal sektorunun, 782,1 milyon manat (4,1%) nəqliyyat və rabitə sahələrinin, 10 milyard 108,7 milyon manat (53,2%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-iyul aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 17,4% artıb (iyulda artım 1,9% və ya 186,8 milyon manat təşkil edib

Bankların ümumi kapitallaşması isə 3,4% artaraq 5 milyard 139,2 milyon manat təşkil edib.

 

Öhdəliklər: bankların "borcu"nun həcmi artıb

Bankların öhdəliklərində 8,8% artım var və 36 milyard 450,5 milyon manatdır. Banklarda depozit portfeli 9,9% artımla 29 milyard 600,5 milyon manata çatıb. Bu dövrdə əhalinin əmanətləri 17,4% artaraq 10 milyard 605,5 milyon manat təşkil edib.

İyul ayında əhalinin bank əmanətləri 220,9 milyon manat artıb (iyunda +3 milyon manat). AMB-nin məlumatına görə, 7 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 13,8% - 4 milyard 314,3 milyon manatadək və ya bütün əmanətlərin 39,9%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). İyulda əhalinin xarici valyutada bank əmanətləri 52 milyon manat artıb (iyunda 102,3 milyon manat azalıb).

Yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 19,3% - 6 milyard 502,8 milyon manatadək (bütün əmanətlərin 60,1%-i) artıb. İyul ayında milli valyutada əmanətlərin həcmi 168,9 milyon manat artıb (iyunda +105,3 milyon manat).

Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 978,6 milyon manat, qeyri-rezidentlərin – 838,6 milyon manat təşkil edir. Yanvar-iyul aylarında rezidentlərin əmanətlərinin həcmi 11,6%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,8 dəfə artıb. İyul ayında rezidentlərin əmanətlərinin həcmi 185 milyon manat artıb (iyunda +33,6 milyon manat), qeyri-rezidentlərin 35,9 milyon manat azalıb (iyunda 30,6 milyon manat azalıb).

2022-ci il iyulun 31-nə banklarda əmanət və depozitlərin həcmi 31 milyard 957,3 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,1% çoxdur. İyulda banklarda əmanət və depozitlərin həcmi 459,8 milyon manat azalıb.

Eyni zamanda, bankların Mərkəzi Bankdan aldıqları borc üzrə öhdəlikləri isə 275,4 milyon manata düşüb, 13,7% azalıb.

 

Xalis mənfəətdə 20%-lik artım 

AMB-nin məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında bankların ümumi xalis mənfəəti 492,6 milyon manat təşkil edib, bu, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 20,5% artım deməkdir.

Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 484,8 milyon manat (artım 25,3%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 220,9 milyon manat (artım 28,7%) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 646,7 milyon manat məbləğində (artım 32,5%) olub.

Bu dövrdə bankların faiz xərcləri 352,6 milyon manat (artım 14,8%), o cümlədən depozitlər üzrə 245 milyon manat (artım 21,5%), qeyri-faiz xərcləri 1 milyard 9,7 milyon manat (artım 30,9%) təşkil edib.

Yanvar-iyul aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 741,7 milyon manat (artım 29%) təşkil edib.

Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 606,7 milyon manat məbləğində (artım 26,2%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 114,1 milyon manat (artım 58,7%) təşkil edib.

31 iyul 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.

Bankların 480 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,2%) və 95 şöbəsi (2021-ci ilin sonuna 97) var.

Bank sektorunda 21,729 min nəfər çalışır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)