MALİYYƏ

Mənfəət vergisindən azadolmaların siyahısı genişləndirilib

Azərbaycan şirkətinin xarici bankdan və ya kredit təşkilatından borc aldığı zaman gəlirlərin hesablanması qaydası dəyişib.

"BI" xəbər verir ki, bununla bağlı “Vergi Məcəlləsi”nə edilmiş mühüm dəyişikliklərdən biri də məhz gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması ilə bağlı müddəalara edilən əlavələrdir.  

Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına və 110-cu maddəsinə əsasən, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.

Bundan əlavə, “Vergi Məcəlləsi”nə kapital anlayışı əlavə edilib. Kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəridir.

Dəyişikliyə əsasən, vergi ödəyicisinin xaricdən aldığı borcları xalis aktivlərindən iki dəfədən çox olduğu halda, həmin iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlər gəlirdən çıxılmayacaq. Bu məhdudiyyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara, eləcə də, rezident bankların və kredit təşkilatlarının xaricdən aldığı borclara aid edilmir.

Nümunə:

Tutaq ki, “A” MMC-nin xalis aktivlərinin dəyəri 100.000 manatdır. MMC illik 10 faiz olmaqla, xaricdən 350.000 manat borc alıb. Bu halda, MMC xaricdən alınmış borca görə illik hesablanmış faizi aşağıdakı qaydada gəlirdən çıxmalıdır:

100.000 x 2 = 200.000 manat xalis aktivin iki misli;
350.000 – 200.000 = 150.000 manat xalis aktivdən iki dəfədən çox olan hissə;
200.000 x 10% = 20.000 manat xərcə silinə bilən məbləğ;
150.000 x 10% = 15.000 manat xərcə silinə bilinməyən məbləğ.

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, bu dəyişikliklərin məqsədi ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyekti ilə xaricdə fəaliyyət göstərən borcverən subyekt arasında borc münasibətlərində yaranan faiz ödəmələrinin xərclərə aid edilməsi prinsiplərini daha detallı və daha ədalətli səviyyəyə gətirməkdir.

“Əvvəllər bu cür münasibətlər əməliyyatın iqtisadi mahiyyətindən, tərəflərin bir-biri ilə əlaqəsindən asılı olmayaraq, vahid yanaşma ilə nəzərdən keçirilirdi. Yeni qaydalarda isə yanaşma daha da təkmilləşdirilib ki, bu da əvvəlki yanaşmanın çatışmazlıqlarının aradan qaldırılmasına xidmət edir. Bu dəyişikliklərin başqa müsbət nəticələri də olacaq.

Məsələn, bir çox yerli sahibkarlıq subyektlərini xalis aktivlərin göstəricilərinə daim nəzarət etməyə, onun həcmini optimal səviyyədə saxlamağa stimullaşdıracaq. Çünki bir çox subyektlər fəaliyyətinin borc vəsaitləri hesabına təmin edilməsinə daha çox üstünlük verirlər ki, bunun arxasında da bəzi hallarda neqativ hallar dayanır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)