Bank

"Yelo Bank"ın səhmdar strukturunda dəyişiklik baş verdi

Azərbaycanda f'əaliyyət göstərən “Yelo Bank”ın səhmdar strukturunda dəyişiklik baş verib. 

Bankın məlumatına görə, əsas səhmdarı olan “Topaz İnvestments Limited” MMC (2021-ci ilin sonuna 95,68% pay) səhmdarlıqdan çıxıb.

“Topaz Investments Limited”in səhmlərinin böyük hissəsi “Yelo Bank”ın Müşahidə Şurasının sədri Marina Kulişova tərəfindən alınıb. Nəticədə onun bankın kapitalındakı payı 4,22%-dən 98,91%-ə yüksəlib.

Bundan başqa, Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov 0,99% payla bankın səhmdarı olub.

Bankın üçüncü səhmdarı İsgəndər Xəlilovun payı dəyişməz qalıb (0,1%).

Səhmdarların tərkibindəki bu dəyişiklikləri şərh edən Anar Həsənov qeyd edib ki, Marina Kulişovanın payının artırılması bankın 2019-cu ildə qəbul edilmiş transformasiya strategiyasının həyata keçirilməsində məntiqi addımdır. “Uğurlu korporativ idarəetmə təcrübəsinə töhfə verməklə yanaşı, Kulişova bankın kapitalının artırılmasında fəal iştirak edib və onu dəstəkləyib, bununla da onun transformasiyasının uğurlu mərhələsinə töhfə verib. Biz bankın bütün sahələrində əhəmiyyətli performans irəliləyişlərinə nail ola bilmişik və Xanım Kulişovanın rəhbərliyi ilə 2021-ci ildə işə saldığımız üç illik inkişaf strategiyamızın hədəflərini artıq üstələyirik. Bankın gələcəyi ilə bağlı gözləntilərimiz çox nikbindir. Bankın səhmdarları və rəhbərliyi növbəti illərdə də Yelo Bankın ölkənin aparıcı bankları arasında möhkəm mövqeyini qoruyub saxlamağa sadiqdir. Biz real sektora, xüsusən də regionlarda kiçik və orta biznesə maliyyə dəstəyini davam etdirərək, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyik”, - deyə bankın açıqlamasından sitat gətirilib.

Yelo Bank Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 378 milyon manatdır. Bank Rusiyanın “LUKOIL” neft şirkətinin təsisçisi Vahid Ələkbərova məxsusdur. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)