Bank

Mərkəzi Bank: İpoteka krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməyib

Son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer almaqdadır.
 
Mərkəzi Bankdan bibildirilir ki, 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərar ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə yumşaldılmışdır.
 
Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70%-dən 85%-ə qaldırılmışdır (yəni, ilkin ödəniş minimum 30%-dən 15%-ə salınmışdır). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılmışdır. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department