Sənaye

"SOCAR karbamid" zavodu ölkəyə hər il 160 milyon dollar gəlir gətirəcək - FOTO

Yanvarın 16-da Sumqayıtda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "SOCAR karbamid" zavodu ölkəyə hər il 160 milyon dollar əlavə gəlir gətirəcək.

"BIxəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məlumat verir.

Karbamid zavodu planlı və mərhələli şəkildə ərsəyə gətirilən böyük dəyər zəncirinin bir hissəsidir. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Zavodun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq.

Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həll olma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.

Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən artıq işçi cəlb olunub. Hazırda zavodda təxminən 500 nəfər daimi işlə təmin edilib. Bunun üçün SOCAR öz təhsil və təqaüd proqramlarının vasitəsilə zəruri səriştəyə malik mütəxəssisləri öncədən hazırlayıb. Zavodun inşaat işlərində təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

"SOCAR karbamid" zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. 27 yanvar 2017-ci il tarixində Cənubi Koreyanın İxrac-İdxal Bankından (KEXIM), habelə "Societe Generale" (Fransa), "Deutsche Bank" (Almaniya) və "UniCredit" (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Tərəfdaş bankların dəstəyi ilə cəlb edilən uzunmüddətli kapital dövlət büdcəsinin yükünü azaldıb. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən təxminən 100 milyon avro məbləğində vəsait ayrılıb.

Xatırladaq ki, karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən, ammonyak üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions Oy” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.












 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)