Bank

Azərbaycan bankları 400 milyon xalis mənfəət götürüblər - 6 aylıq göstəricilər

30 iyun 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri yeni rekord səviyyəyə - 41 milyard 920,2 milyon manata çatıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabata əsasən, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında bankların aktivləri 9% artıb.

2022-ci ilin ikinci rübündə bankın aktivləri 5,7% və ya 2 milyard 247 milyon manat artıb.

İyunun sonuna bankların kredit portfeli 18 milyard 320 milyon manatdır, bu 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 10% artım deməkdir. 

Bankların ümumi kapitallaşması 3,5% artaraq 5 milyard 146 milyon manat təşkil edir.

Bankların öhdəlikləri 36 milyard 774,2 milyon manata (artım 9,8%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 281 milyon manat məbləğində (azalma 12%) qiymətləndirilir. Banklarda depozit portfeli 29 milyard 982,1 milyon manat (artım 11,3%), o cümlədən əhalinin əmanətləri 10 milyard 378,6 milyon manat (artım 14,9%) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında bankların ümumi xalis mənfəəti 400,8 milyon manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 9,4%-dir. 

Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 258 milyon manat (artım 24,7%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 36,3 milyon manat (artım 28,6%) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 533,9 milyon manat məbləğində (artım 27,4%) olub.

Bankların faiz xərcləri 297,6 milyon manat (artım 13,3%), o cümlədən depozitlər üzrə 205,9 milyon manat (artım 19,1%), qeyri-faiz xərcləri 939,9 milyon manat (artım 28,6%) təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 616 milyon manat (artım 22,6%) təşkil edib.

Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 489,1 milyon manat (artım 14%), mənfəət vergisi üzrə ödənişlər 88,3 milyon manat məbləğində (artım 40,6%) qiymətləndirilir.

30 iyun 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.

Bankların 492 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,7%) və 96 şöbəsi (2021-ci ilin sonuna - 97) var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)