Sağlamlıq

Meymunçiçəyi ilə bağlı "qlobal fövqəladə vəziyyət" elan olundu

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi epidemiyası ilə əlaqədar "qlobal fövqəladə vəziyyət" elan etdi. Ümumdünya Səhiyyə Təşkilatı qonşularımız Türkiyə, Gürcüstan da daxil olmaqla onlarla ölkədə aşkar edilən meymun çiçəyi virusuna görə "qlobal fövqəladə vəziyyət" elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada, xüsusilə Avropada yayılmaqda davam edən meymunçiçəyi virusunun risk vəziyyətini qiymətləndirib. ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus, ötən gün etdiyi yığıncaqdan sonra bildirib ki, indiyə qədər dünyanın 71 ölkəsində 14 mindən çox meymun çiçəyi xəstəliyinə rast gəlinib.

O, "virusun aşkar olunduğu ölkələrin sayının artması və halların artması məni narahat edir", - deyib. Ümumdünya Səhiyyə Təşkilatı epidemiya ilə əlaqədar "qlobal fövqəladə vəziyyət" elan edib. Ötən həftələrdə açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dr. Hans Kluge, Avropa bölgəsində meymun çiçəyi hadisələrinin son 3 həftədə 3 dəfə artdığı söyləyib.

“Hökumətlərə və vətəndaş cəmiyyətinə çağırışımı bir daha bildirirəm ki, meymun çiçəyi xəstəliyinin böyük bir coğrafi ərazidə yayılmasının qarşısını almaq üçün gələcək həftələr və aylar ərzində işlərini gücləndirsinlər. Bu xəstəliyin tədricən yayılmasının qarşısını almaq üçün dərhal və əlaqələndirilmiş fəaliyyət vacibdir", - deyib.

Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçir. Ümumdünya Səhiyyə Təşkilatının iyulun 20-də verdiyi son açıqlamaya görə, indiyədək virusa görə 5 ölüm faktı qeydə alınıb. Ölənlərin hamısı Afrikadadır.

Qeyd edək ki, rəsmilər Azərbaycanda meymunçiçəyi virusunun aşkar edilmədiyini bildirirlər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)