Hadisə

450 nəfərin bank kartından pul ələ keçirən dələduz saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bank kartlarından külli miqdarda pul vəsaitləri ələ keçirən şəxsi saxlayıb.

ENA.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyinə son dövrlərdə daşınmaz əmlak və avtomobil satışı ilə bağlı elan saytlarında şirnikləndirici vədlər verildiyi və müraciət edən şəxslərin pullarının müxtəlif kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olur. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirməklə onlara qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Aqşin Bədəlov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə əslində mövcud olmayan saxta avtomobil və mənzil satışı ilə bağlı məlumatlar yerləşdirib. Həmin elanlardakı şirnikləndirici təklifləri görən vətəndaşlar isə Aqşin Bədəlovla əlaqə saxlayaraq həmin daşınar və ya daşınmaz əmlakı almaq istədiklərini bildiriblər. Bu zaman Aqşin Bədəlov izi itirmək məqsədi ilə müxtəlif şəxslərin adına əldə etdiyi bank kartlarını müştərilərə göndərək ora təcili pul köçürülməsini tələb edib. Əks halda isə elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb zərərçəkənlərin onu tapmaması üçünsə onları nömrələrini bloklayıb. Bank kartlarındakı pulları ələ keçirmək məqsədi ilə onlayn dələduzluq sxemi quran Aqşin Bədəlov bu müddət ərzində ona müraciət 450 nəfərə maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və iş üzrə əhəmiyyət kəsb edən digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davan etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Nazirlik vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, şirnikləndirici elanlarla rastlaşdıqda isə bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyyə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)