Sosial iqtisadiyyat

30 minədək şəxs ödənişli ictimai işlərə cəlb ediləcək

“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

“İşsizin DOSTu” proqramının icrasına hazırlıq işləri artıq başa çatır.

Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq. Bununla bağlı Mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir.

Haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsi məqsədinə xidmət edən “İşsizin DOSTu” proqramı bu il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan verəcək. Həmin şəxslər Nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq.

Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq. Bu da onların sosial sığorta sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək.  

Proqramın iştirakçılarının yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.)  həcminə, əmək funksiyalarına uyğun olaraq əmək haqları müəyyən olunacaq.  Digər tərəfdən,  Proqram cari ildə əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına imkan verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department