Bank

Dollar zəifləsə, manata nə olacaq: Azərbaycan üçün əsas risk və imkanlar nələrdir?

ABŞ Xəzinədarlığının istiqraz geri alışlarını artırması dolların gələcək dinamikası ilə bağlı yeni müzakirələr yaradıb. ABŞ dollarının qlobal zəifləməsi Azərbaycan manatı üçün ilk baxışda paradoksal görünən bir vəziyyət yaradır. Çünki manatın dollara qarşı məzənnəsi sabit qaldığı halda, dünyada dolların ucuzlaşması manatın da digər əsas valyutalara qarşı mövqeyini dəyişə bilər. Bu isə xüsusilə qeyri-neft ixracatının rəqabət qabiliyyəti baxımından əhəmiyyətlidir.

Bloomberg-in yazdığı kimi, ABŞ Xəzinədarlığı istiqraz gəlirliliklərinin yüksəlməsi fonunda geri alış limitlərini artırıb və bazarda bunun dollar üzərində təzyiq yarada biləcəyi gözləntiləri formalaşıb. Bu proses Azərbaycan üçün də maraqlıdır. Lakin burada bir məqamı əvvəlcədən dəqiqləşdirmək lazımdır:

Dolların dünyada zəifləməsi avtomatik olaraq manatın zəifləməsi demək deyil. Əksinə, manat dollar qarşısında sabit saxlanılırsa, dolların avro, lirə, yuan və digər valyutalara qarşı zəifləməsi manatın həmin valyutalara qarşı da nisbətən bahalaşması ilə nəticələnə bilər. Bu isə Azərbaycan iqtisadiyyatında həm müsbət, həm də mənfi nəticələr yaradar.

Əvvəlcə ən sadə nümunə: dollar zəifləyəndə manat nə qədər “güclənir”?

Hazırda Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsində 1 dollar 1,70 manatdır. Tutaq ki, ABŞ dolları avroya qarşı 10% zəifləyir. Əgər əvvəl 1 avro/ 1,15 dollar idisə, dolların zəifləməsindən sonra 1 avro/1,25 dollar ola bilər. Manatın dollar qarşısında məzənnəsi isə dəyişmirsə bu halda avronun manat qarşısındakı dəyəri yüksəlir. Yəni, 1 avro əvvəl təxminən 1,96 manat idisə, sonradan 2,13 manata yaxınlaşa bilər. Bu nümunə göstərir ki, dolların zəifləməsi manatın avroya qarşı zəifləməsi deməkdir.

Bu, Azərbaycan üçün niyə vacibdir? Çünki Azərbaycanın xarici ticarəti yalnız ABŞ dolları ilə aparılmır. Azərbaycan Avropa İttifaqı, Türkiyə, Rusiya, Çin və digər ölkələrlə ticarət edir. Deməli, manatın həmin ölkələrin valyutalarına qarşı mövqeyi də iqtisadiyyat üçün əhəmiyyətlidir.

Bəs bu, Azərbaycan ixracatçısına necə təsir edir?

Burada ən vacib məqam qeyri-neft sektorudur. Tutaq ki, Azərbaycandakı bir şirkət Avropaya 1 milyon avroluq məhsul satır. Əgər 1 avro 2 manatdırsa, şirkətin gəliri:

1 milyon avro × 2 manat = 2 milyon manat olacaq.

Amma manat avroya qarşı bahalaşaraq 1 avro = 1,90 manata düşərsə, eyni 1 milyon avroluq ixracdan şirkət artıq 1,9 milyon manat əldə edəcək.

Yəni şirkət eyni məhsulu, eyni qiymətə satmasına baxmayaraq, manatla ifadədə 100 min manat daha az gəlir əldə edir. Əgər şirkətin xərcləri – əməkhaqqı, icarə, enerji, logistika və s. əsasən manatladırsa, onun mənfəət marjası daralır. Məhz buna görə məzənnə məsələsi qeyri-neft ixracatçısı üçün vacibdir.

Amma dolların zəifləməsi bütün ixracatçılar üçün mənfi deyil

Burada neft sektorunu qeyri-neft sektorundan ayırmaq lazımdır. Neft dünya bazarında əsasən dollarla qiymətləndirilir. Dolların qlobal zəifləməsi digər ölkələrin valyutası ilə neft alan alıcılar üçün nefti nisbətən ucuzlaşdıra bilər. Məsələn, avropalı alıcı üçün neftin qiyməti 70 dollar olaraq qalır, amma dollar avroya qarşı zəifləyirsə, həmin 70 dolların avro ifadəsində dəyəri aşağı düşür. Bu isə neftə tələbi dəstəkləyə və neft qiymətlərinə yuxarı istiqamətdə əlavə təzyiq yarada bilər. Azərbaycan üçün bu, potensial olaraq müsbət amildir. Çünki neft qiymətinin yüksəlməsi ölkənin ixrac gəlirlərini və valyuta daxilolmalarını artırır. Beləliklə, dolların zəifləməsinin Azərbaycan üçün iki fərqli kanalı yaranır.

Azərbaycan üçün əsas göstərici dollar deyil

Bu məsələdə ən böyük yanlış anlama məhz buradan yaranır. Azərbaycan üçün yalnız USD/AZN məzənnəsinə baxmaq kifayət deyil. Çünki manatın iqtisadiyyata təsirini qiymətləndirərkən onun əsas ticarət tərəfdaşlarının valyutalarına münasibətdə vəziyyətinə də baxmaq lazımdır.

Burada nominal effektiv məzənnə (NEM) və daha vacib olaraq real effektiv məzənnə (REM) ön plana çıxır. Real effektiv məzənnə sadə dillə desək, belə bir suala cavab verir: Azərbaycan məhsulları əsas ticarət tərəfdaşlarımızın məhsulları ilə müqayisədə bahalaşır, yoxsa ucuzlaşır?

Məsələn, Azərbaycanda qiymətlər 5% artır, amma əsas ixrac bazarlarımızda qiymətlər 2% artırsa və manatın nominal məzənnəsi dəyişmirsə, Azərbaycan məhsullarının həmin bazarlardakı nisbi qiyməti yüksəlir. Bu isə ixracatçının rəqabət qabiliyyətini zəiflədə bilər.

Burada inflyasiya da işə qarışır

Təsəvvür edək ki, Azərbaycanla Türkiyə arasında ticarət aparılır. Azərbaycanda istehsalçı məhsulunun qiymətini 5% artırır. Türkiyədə isə eyni dövrdə istehsalçı qiymətləri 10% artır. Manatla lirənin məzənnəsi dəyişməsə belə, Azərbaycan məhsulu Türkiyə məhsulu ilə müqayisədə daha ucuzlaşa bilər. Bu halda Azərbaycan ixracatçısı rəqabət üstünlüyü əldə edir.

Əks vəziyyətdə isə Azərbaycanda qiymətlər daha sürətlə artırsa,  Azərbaycan məhsulu xarici bazarda nisbətən bahalaşır. Deməli, məzənnəni təkbaşına deyil, qiymət səviyyəsi ilə birlikdə qiymətləndirmək lazımdır. Elə buna görə də “real effektiv məzənnə” iqtisadçı üçün dollar/manat məzənnəsindən daha informativ göstəricidir.

Dolların zəifləməsi idxal üçün nə deməkdir?

Azərbaycan böyük həcmdə idxal edir. Dolların digər valyutalara qarşı zəifləməsi dollarla alış-veriş edən Azərbaycan şirkətləri üçün bəzi idxal məhsullarının nisbi qiymətini dəyişə bilər.

Məsələn, ABŞ-dan 100 min dollarlıq avadanlıq alan Azərbaycan şirkəti üçün dolların digər valyutalara qarşı zəifləməsi həmin avadanlığın avropalı və ya digər valyutalarda gəlir əldə edən rəqiblər üçün qiymətini dəyişə bilər. Amma Azərbaycan üçün burada da nəticə məhsulun hansı ölkədən və hansı valyutada alındığından asılıdır.

Avropadan avro ilə, Çindən yuanla, Türkiyədən lirə ilə alınan məhsullar üçün dolların zəifləməsinin təsiri eyni olmayacaq. Ona görə də “dollar zəifləyir – idxal ucuzlaşır” demək də doğru deyil.

Manatın sabitliyi dolların zəifləməsinə necə reaksiya verə bilər?

Burada Azərbaycanın fərqli vəziyyəti var. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin I rübündə valyuta bazarında vəziyyət sabit qalıb və Mərkəzi Bankın valyuta ehtiyatları 11,7 milyard dollara yüksəlib. İyulun sonunda isə Mərkəzi Bankın valyuta ehtiyatları 13,77 milyard dollara çatıb. Bu, manatın məzənnəsinin sabitliyi baxımından mühüm bufer yaradır.

Ona görə də dolların qlobal zəifləməsi Azərbaycanda ilk növbədə USD/AZN məzənnəsinin dəyişməsi formasında deyil, digər valyutalara qarşı məzənnələr və ölkənin xarici ticarət göstəriciləri üzərindən hiss oluna bilər.

Manatın sabitliyi inflyasiyaya, idxal qiymətlərinə, əhalinin gəlirlərinə, bank sektoruna, dövlət borcuna, biznesin planlaşdırılmasına birbaşa təsir edir. Manatı kəskin ucuzlaşdırmaq ixracatçıya müəyyən üstünlük verə bilər, amma idxalı bahalaşdıraraq inflyasiyanı sürətləndirə bilər. Əksinə, həddindən artıq güclü manat idxalı ucuzlaşdıra bilər, lakin qeyri-neft ixracatçısının rəqabət qabiliyyətinin zəifləməsi riskini artırır. Optimal məzənnə siyasətinin məqsədi bu iki təsir arasında tarazlıq yaratmaqdır.

2026-cı ilin ilk yarısında qeyri-neft-qaz sektorunda real artım 1,5%, qeyri-neft-qaz sənayesində isə 4,1% olub. Bu mənzərədə məzənnə və qiymətlərin ixracatçının rəqabət qabiliyyətinə təsiri daha da önəm qazanır.

Yəni dolların zəifləməsini Azərbaycan üçün nə tamamilə yaxşı, nə də tamamilə pis hadisə kimi qiymətləndirmək olar. Əsas məsələ bu dəyişimin manatın real effektiv məzənnəsinə, neft qiymətlərinə və qeyri-neft ixracatçısının xarici bazardakı qiymət üstünlüyünə necə təsir etməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)