Bank

Birləşməkdə olan “Nikoil Bank”da vəziyyət necədir: HESABAT  

Bu ilin birləşməsi xəbərindən sonra “Nikoil Bank”da baş verənlər hamı üçün maraqlıdır və gözlənilirdi ki, bank ilin yekunlarına doğru müsbət tendensiya göstərəcək. Lakin 2018-ci ilin yekunları üzrə gsötəricilər bankın vəziyyətinin düzəlməkdənsə əksinə, pisləşdiyini göstərir. 

Aktivlərdə 30 milyonluq geriləmə 

"BI" xəbər verir ki, bankın 31 Dekabr 2018-ci il tarixli dördüncü rüb hesabatına görə, "Nikoil Bank" ASC-nin cəmi aktivləri 417 milyon 40 min manata düşüb və bunun 378 milyon 606 min manatı risk dərəcəsi üzrə ölçülmüş aktivlərdir. 
Halbuki, 31 Dekabr 2017-ci il tarixində "Nikoil Bank" ASC-nin aktivləri 437 milyon 330 min manat idi.  

Bankın aktivlərində kredit portfelinin payı 282 milyon 713 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, bank müştərilərə verdiyi kreditin həcmini 9 milyon manat azaldıb. Hesabatdan görünür ki, bankın təmiz krediti 182 milyon manatdır və 100 milyon manat isə kreditlər üzrə mümkün zərərlərin ödənilməsinə ehtiyat saxlanılıb. Bankın aktivlərinin 79 milyon 550 min manatını qiymətli kağızlara yatırıb, 39 milyon manatını isə Mərkəzi Bankdakı müxbir hesabında saxlayır. 


Balans kapitalı 9 milyona yaxın azaldı

Bankın öhdəliklərində də azalma müşahidə olunur. Belə ki, "Nikoil Bank"  2018-ci ilin 4-cü rübünü 351 milyon 367 min manat cəmi öhdəliklərlə tamamlayıb, bunun 228 milyon manatını depozitlər təşkil edir. 2017-ci ilin sonunda isə öhdəliklərin həcmi 362 milyon 364 min manat təşkil edirdi və bunun 229 milyon manatı depozitin payına düşürdü. 
Bankın balans kapitalı isə 74 milyon 966  min manatdan 65 milyon 673 min manata enib. 
Bankın nizamnamə kapitalının  348 milyon manat olması sayəsində birinci dərəcəli kapitalı 63 milyon 409 min manat həcmində formalaşıb. Məcmu kapitalı isə 67milyon  895 min manat, məcmu kapitalın adekvatlıq əmsalı isə minimum 10 faizə qarşı 24,62% təşkil edib. 

Bölüşdürülməmiş zərər 285 milyona çatıb

Rusiya kapitallı "Nikoil Bank" zərər baxımından digər “həmyerlisi” VTB banka çatır. Açıqlanan rəqəmlərə görə, 2018-ci ilin dördüncü rübünü 135 milyon 200 min manat zərər ilə başa vurub, 2017-ci ilin sonunda isə bu göstərici 2 milyon 709 min manat idi. Bankın bölüşdürülməmiş xalis zərəri 285 milyon 440 min manat təşkil edir və bunun 150 milyon manatı əvvəlki illərdən formalaşıb. 2018-ci ildə yaranan zərər isə 135  milyon 200 min manat olub. Bank aktivlər üçün ehtiyata 172 milyon 155 min manatlıq ayırma edib və nəzərə alsaq ki, əsas riski verilən kreditlər daşıyır, bu halda bankın xalis kreditləri cəmi 182 milyon manatdır, bu qədər ehtiyatın olması da maraqlıdır.    
 
Ehtiyata 172 milyonluq ayırma

Əslində bankın bu qədər böyük zərər açıqlamasının səbəbi də ehtiyatın həcminin yüksəlməsidir. Çünki “Nikoil Bank”ın əməliyyat fəaliyyəti mənfəətlidir, belə ki, ötən il Bankın cəmi gəlirləri 75 milyon 825 min manat, cəmi xərcləri isə 38 milyon 870 min manat təşkil edib. Xərclərin gəlirlərdən çıxılması ilə Bankın 36 milyon 955 min manat əməliyyat mənfəəti yaranıb. Lakin ehtiyat 172 milyonluq ayırma nəticədə 135 milyon 200 min manat həcmində zərər formalaşdırıb.
Bankın faiz gəlirləri illik müqayisədə 66 milyon 682 min manatdan 68 milyon 137 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 66 min manatdan 7 milyon 689 min manata qalxıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department