İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləğləri artırılıb
İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün ödəniləcək məbləğ 30 manatdan 45 manata qaldırılıb.
Həmçinin iddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün, eləcə də iddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün indiyədək ödənilən məbləğ də 30 manatdan 45 manatadək artırılıb.