Sosial iqtisadiyyat

Əlillik bu hallarda veriləcək - Rəsmi

“Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişikliklər edilib.

ENA.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Əlilliyin səbəbinin, dərəcəsinin” sözləri “Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin” sözləri ilə əvəz edilib.

Bundan başqa, qərara yeni bəndlər əlavə olunub.

Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır.

Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir.

Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

15 yaşınadək şəxslərdə əmək fəaliyyəti bacarığı dəyərləndirilmir.

Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.

Qərardan “(I dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz)” sözləri çıxarılıb.

Qərara yeni əlavələr edilib:

Əlilliyin müddətləri

Əlillik Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir.

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də, fərqli faiz aralıqları üzrə bu Qayda nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

“Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydada qeyd edilmiş müddətlərə daxil edilir.

Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

“Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (SİM)” sözləri “orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəz edilir.

Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)